AZXEBER.COM xəbər verir ki, mövzu ilə bağlı bank məsələləri üzrə mütəxəssis Nahid Rəfail Demokrat.az-a bildirib ki, son dövrlər kredit borclarının ödənilməsi ilə bağlı problemlər yaşayan insanların sayında müəyyən artım müşahidə oluna bilər:
"Bunun səbəbləri arasında ailə gəlirlərinin azalması, gözlənilməz xərclərin artması, iş yerinin dəyişməsi və ya iqtisadi vəziyyətin insanların büdcəsinə təsiri kimi amillər yer alır. Belə hallarda bəzi borcalanlar kredit ödənişlərini vaxtında həyata keçirməkdə çətinlik çəkirlər. Ancaq kredit borcuna görə əmlakın itirilməsi adətən uzun prosesin nəticəsi olur. Banklar üçün də girov əmlakın satışa çıxarılması ən arzuolunan variant deyil. Çünki bu proses həm vaxt aparır, həm də əlavə hüquqi prosedurlar tələb edir. Buna görə də banklar ilk növbədə müştəri ilə razılığa gəlməyə çalışırlar. Məsələn, aylıq ödəniş məbləğinin azaldılması, kredit müddətinin uzadılması və ya yeni ödəniş qrafikinin hazırlanması kimi variantlar təklif oluna bilər”.
"Bəzi insanlar maliyyə çətinliyi ilə üzləşdikdə problemi gizlətməyə və ya gecikdirməyə çalışırlar. Halbuki ən düzgün addım vəziyyəti vaxtında banka bildirmək və çıxış yolu axtarmaqdır.
Ümumiyyətlə, kredit götürərkən aylıq ödənişlərin ailə büdcəsinə uyğun hesablanması, ehtiyat vəsaitin formalaşdırılması və maliyyə öhdəliklərinin düzgün planlaşdırılması gələcəkdə belə risklərin qarşısını almağa kömək edir. Vaxtında atılan addımlar bir çox hallarda həm kredit tarixçəsinin qorunmasına, həm də əmlakın itirilməsi riskinin azalmasına imkan verir”, – deyə o qeyd edib.











































