Tərlan Rəsulov: “Vaqif İbrahimoğlu üçün gənclərlə işləmək çox maraqlı idi” - MÜSAHİBƏ

GƏNCLİK
11:43 12.11.2011
2920

Əgər sizin yanınızda göl, dəniz və ya gölməçə olmasa, siz haradan bilərsiniz ki, siz üzməyi bacarırsınız?

“Məsələ burada teatrın kollektivindən getmir, məsələ Yuğun fəlsəfəsinin qəlizliyindən gedir”.

“Çox yaxşı olar ki, bu cür Art Kamplar beynəlxalq səviyyədə təşkil edilsin”.

“Azərbaycan dilindən başqa bir dili bilməmək informasiyanın zəifləməsinə səbəb olur”.

Millət vəkili JaləƏliyevanın ideya müəllifi olduğu, Milli Qəhrəman Mübariz İbrahimovunəziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin I Ümumrespublika Teatr Festivalı davam edir. AZXEBER.COM portalı festivalla bağlı Yuğ Dövlət Teatrının direktoru Tərlan Rəsulovun fikirlərini öyrənib. Müsahibəni olduğu kimi təqdim edirik...

-Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin I Ümumrespublika Teatr Festivalı keçirilir.Bu festivala münasibətiniz?

Belə bir festivalın keçirilməsini mən ancaq alqışlaya bilərəm. Bu işdə zəhməti keçən hər kəsi təbrik edirəm. Azərbaycan xalqı, həqiqətən, istedadlı xalqdır. Mən özüm bunun şahidi olmuşam. Həm də bizim teatrda bildiyiniz kimi gənclər çoxluq təşkil edir və mən özüm bu gənclərlə daha çox əlaqədə oluram. Gənclərlə işləmək daha asandır. Çünki hazırki gənclər daha bilikli, daha gözüaçıq və daha çox sənətə bağlı olurlar. Gəncliyin ən böyük problemi özünəinamın zəif olmasıdır. Ona görə onlar üçün peşəkar sənətə gəlmək bir az qəliz görünür. Düşünürəm ki, belə festivalların keçirilməsi onlar üçün məktəb olacaq və buradan yaradıcı gənclər peşəkar sənətə gələ biləcəklər. Burada hamı üçün eyni imkan yaradılır və mən əminəm ki, onlar arasından istedadlı gənclər daha tez ortaya çıxacaq.

-Sizcə, hazırki gənclərdə özünə inamsızlığın olmasına səbəb nədir?

Mən bu suala belə cavab vermək istərdim. Əgər sizin yanınızda göl, dəniz və ya gölməçə olmasa, siz haradan bilərsiniz ki, siz üzməyi bacarırsınız? Gərək nə isə olsun ki, siz bunu görəsiniz. Ona görə düşünürəm ki, gənclərə şans vermək lazımdır. Onlara dənizlər vermək lazımdır. Qoy özləri suya girsinlər və orada üzməyi öyrənsinlər. Təbii ki, onlar arasında balıq qədər daha yaxşı bacarıqlı üzgüçülər də olacaq, zəif üzgüçülər də. Siz yalnız onları suya salmaqla bunu görə bilərsiniz.

-YUĞ teatrında həvəskar gənclər üçün şərait yaradılırmı?

Bizim teatrda istənilən vaxt gənclər üçün şərait yaradılıb. YUĞ-un kollektivi hər zaman gənclərə maraqlı olub.

-Bu gənclərə Yuğun fəlsəfəsi haqqında hansı məlumatlar verilir?

Əvvəlcə onu deyim ki, istənilən gənc bizim teatra gəlib, bizimlə birlikdə fəaliyyət göstərə bilər. Biz heç vaxt onlara məhdudiyyət qoymamışıq. Sizin sualınıza gəldikdə isə, bəli, onlar Yuğ fəlsəfəsinə yiyələndikdən sonra müəyyən fikirlərə sahib olurlar. Ən azından, bildiyiniz kimi, Yuğ fəlsəfəsi klassik teatr üslubundan fərqlidir. Onların bəziləri bizim teatrla daha yaxından tanış olduqdan sonra teatrda işləmək istədiklərini söyləyirlər. Təbii ki, biz bunu müsbət qarşılayırıq. Ancaq onların bəziləri isə fəlsəfəni anlamadıqları üçün teatrdan uzaqlaşırlar. Hər kəsin fərqli baxışı var. Məsələ burada teatrın kollektivindən getmir, məsələ Yuğun fəlsəfəsinin qəlizliyindən gedir.

-Tərlan müəllim, festival çərçivəsində Gənclər və İdman nazirliyinin Şüvəlandakı düşərgəsində Art Kamp keçiriləcək. Bir teatr mütəxəssisi kimi Azərbaycan teatr tarixində ilk dəfə keçirilməsi planlaşdırılan Art Kamp haqqında nə düşünürsünüz?

İlk növbədə onu qeyd edim ki, dünya təcrübəsinə artıq bu sahədə də yiyələnməyimiz təqdirəlayiq bir haldır. Çox yaxşı olar ki, bu cür Art Kamplar beynəlxalq səviyyədə təşkil edilsin. Xaricdə yaşayan yaradıcı gənclər və Azərbaycanda olan yaradıcı gənclərin birlikdə Art Kampının təşkil olunması daha müsbət nəticələr doğura bilər. Bu həm dövlətimizin prestiji üçün vacibdir, həm də gənclər arasında mədəni mühitin formalaşması üçün.

-Az öncə qeyd etdiniz ki, gənclərlə daha yaxından işləyirsiniz. Siz yaradıcı gənclərin problemlərini nədə görürsünüz? Daha çox ədəbiyyata olan laqeyd münasibətdə. Burada günah təkcə həmin gənclərdə deyil. Məsələn, hansısa gəncə kitab oxumasını tövsiyə edəndə onlar bundan qaçırlar. Səbəbləri isə eyni olur. Ya kitabın rusdilli olması, ya da, ümumiyyətlə, kitabı əldə edə bilməməsi. Əgər bu sahədə müəyyən işlər görülsə və dünya ədəbiyyatının incilərini ana dilimizə daha sıx şəkildə tərcümə etsək, o zaman bu gənclərin ikinci bir bəhanəsi qalmayacaq. Düşünürəm ki, bu, bir çox problemlərin başlanmasına zəmin yaradır. Azərbaycan dilindən başqa bir dili bilməmək informasiyanın zəifləməsinə səbəb olur.

-Vaqif İbrahimoğlunun vəfatının ardından Yuğda hansısa dəyişikliklər edilibmi?

Strukturda heç bir dəyişikliklər olmayıb. Ancaq biz davamlı şəkildə çalışırıq ki, daha çox premyeralara imza ataq. Vaqif İbrahimoğluisə, özü gənclərlə işləmə çox maraqlı idi. Onun gənc tələbələrindən biri Mingəçevirdə baş rejissordu. Bir neçəsi Azərbaycanın müxtəlif bölgə teatrlarında rejissorluqla məşğul olur. Hətta onun bir tələbəsi hazırda Dövlət Dram teatrında tamaşa hazırlayır. Bu özü böyük bir məktəbdir. Artıq gənc nəsil yetişir və onlara, az öncə qeyd etdiyim kimi, şans vermək vacibdir.

Əfsələddin AĞALAROV

OXŞAR XƏBƏRLƏR