Uzun bayram və tətil dövrlərindən sonra işə, məktəbə və gündəlik həyata qayıtmaq bir çox insan üçün gözlənildiyindən daha çətin ola bilər. Səhər erkən oyanmaqda çətinlik, istəksizlik, diqqət dağınıqlığı, yorğunluq və daxili narahatlıq kimi şikayətlər artarkən, mütəxəssislər bunun tənbəllik deyil, adaptasiya prosesi olduğunu bildirir.
AZXEBER.COM Demokrat.az-a istinadənxəbər verir ki, uzman psixoloq Beyza İşakoğlu Alaçam uzun tətillərdən sonra yaranan istəksizlik və uyğunlaşma çətinliyinin psixologiyada "tətil sonrası sindrom” və ya "tətil sonrası adaptasiya prosesi” kimi izah edildiyini deyib. Onun sözlərinə görə, bu dövrdə insan işə qayıtmağa tam hazır hiss etməyə bilər; erkən oyanmaq, tıxac, e-poçtların çoxluğu və yenidən məsuliyyətlər stres yaradır.
Mütəxəssislər qeyd edir ki, "işə getmək istəmirəm” hissi çox yayğındır və bu, insanın zəif və ya tənbəl olduğunu göstərmir. Tətil zamanı beynin daha sərbəst rejimə uyğunlaşdığı, yuxu saatlarının dəyişdiyi, sosial aktivliyin artdığı və məsuliyyətlərin azaldığı bildirilir. Tətil bitdikdən sonra isə gündəlik ritmə qəfil dönüş beynin uyğunlaşmasını çətinləşdirir.
Tətil sonrası yorğunluq təkcə fiziki deyil, həm də zehni ola bilər. Diqqət dağınıqlığı, motivasiya azalması, narahatlıq və əhval-ruhiyyə enişi bu dövrdə tez-tez müşahidə edilir. Mütəxəssislərə görə, uzun tətildən sonra əvvəlki rejimə tam qayıtmaq üçün bir neçə günə ehtiyac olur və ilk günlərdən yüksək məhsuldarlıq gözləmək düzgün deyil.
Beyza İşakoğlu Alaçamın fikrincə, ən böyük səhvlərdən biri ilk gündən 100 faiz performans tələb etməkdir. O, bu mərhələni "isinmə prosesi” kimi dəyərləndirməyin daha sağlam yanaşma olduğunu vurğulayır.
Mütəxəssislər həmçinin kiçik hədəflər qoymağın, işləri mərhələlərə bölməyin və prioritetləri müəyyənləşdirməyin adaptasiyanı asanlaşdırdığını bildirir. Yuxu rejiminin bərpası da bu prosesdə mühüm rol oynayır.
Bundan başqa, yalnız ildə bir dəfə edilən tətillərlə psixoloji bərpanın davamlı olmadığını qeyd edən mütəxəssislər gündəlik həyatda qısa fasilələrin, hobbilərin, sosial əlaqələrin və gəzintilərin vacibliyini vurğulayır.
Əgər istəksizlik, stress və uyğunlaşma çətinliyi uzun müddət davam edərsə və gündəlik həyatı ciddi şəkildə təsir edərsə, mütəxəssis dəstəyi almaq tövsiyə olunur.