Tibb Universiteti imtahanları kompüterlə keçirəcək

GƏNCLİK
20:22 25.12.2011
3380
Bu semestrdən Azərbaycan Tibb Universitetinin (ATU) tələbələri imtahanları kompüter test üsulu ilə verəcəklər. ATU-dan verilən məlumata görə, ilk belə imtahan dekabrın 30-da keçiriləcək və ümumi tələbələrin təxminən 40 faizini əhatə edəcək. Bu yenilik Bolonya prosesi əsasında kredit bal sistemini tətbiq edən fakültələrə şamil ediləcək. Artıq universitetin 5 saylı korpusunda iki kompüter zalı təşkil olunub. Bu zallar son model, güclü proqram təminatı olan avadanlıqlarla təchiz edilib. İki zala ümumilikdə 210 kompüter yerləşdirilib. Zalları daimi nəzarət altında saxlamaq üçün onlar kameralarla təchiz olunub. Kameraların çəkdiyi görüntülər birbaşa olaraq rektorun otağındakı və Virtual Test Mərkəzindəki əsas kompüterlərə ötürülür. İmtahan zamanı ATU tələbələri elektron şəxsi işinin kodunu daxil etməklə öz səhifələrinə girəcəklər. Burada tələbə haqda zəruri məlumatlar (adı, kursu, fakültəsi, şəkli), o cümlədən verdiyi imtahanlar barədə informasiya (imtahan günü, vaxtı, davametmə müddəti, verilən cavab variantları, toplanılan bal və s.) yer alıb. Tələbə öz səhifəsindən imtahan bölməsinə girib testdə iştirak edəcək. Cavablarını təsdiqləyən kimi düzgün cavab variantları və onun yığdığı balların sayı ekrana çıxacaq. Qeyd edək ki, yeni imtahan formasının tətbiqi ilə bağlı ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov bir neçə gün ardıcıl olaraq tələbələrlə görüşüb, onların təkliflərini dinləyib.

OXŞAR XƏBƏRLƏR