4 noyabr tarixində İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı ilə 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli” çərçivəsində tikinti və inşaat materialları sektorunun axşam ziyafəti keçirilib.
Radisson Hotel Baku-da təşkil olunan görüş tikinti və inşaat materiallarının istehsalı və satışı, təmir-tikinti, daşınmaz əmlak, memarlıq və dizayn sahələrində fəaliyyət göstərən 150-yə yaxın sahibkarı, şirkət rəhbərlərini və dövlət qurumlarının nümayəndələrini bir araya gətirib.
Tədbirdə İCMA İdarə Heyətinin sədri Tural Mustafayev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, iqtisad elmləri üzrə fəlsəfə doktoru Vüqar Bayramov, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov, Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş idarəsinin rəisi Nicat İmanov, Kapital Bank ASC-nin İdarə Heyətinin üzvü, Baş Korporativ Satış İnzibatçısı Fərid Hidayətzadə, Minera Group-un təsisçisi Xudaqulu Rzayev, S.I.G.N LTD şirkətinin təsisçisi Elmir Hacıyev, İCMA İdarə Heyətinin üzvü və Pəncərə İstehsalçıları Komissiyasının sədri Fizuli Bayramov çıxış edib.
Çıxışlar zamanı tikinti və inşaat sektorunun inkişaf perspektivləri, sahədə mövcud çağırışlar, sahibkarlar üçün əməkdaşlıq imkanları və dövlət-biznes münasibətlərinin gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Sektorun inkişafında dövlət və özəl qurumlar arasında koordinasiyanın, təcrübə mübadiləsinin və birbaşa işgüzar əlaqələrin əhəmiyyəti vurğulanıb.
Görüş çərçivəsində tədbirin ərsəyə gəlməsinə dəstək göstərən tərəfdaş və sponsor şirkətlərin nümayəndələri təltif olunub, şirkətlərin fəaliyyətini əks etdirən təqdimat videoları nümayiş etdirilib.
Qeyd edək ki, tədbir "S.I.G.N LTD” şirkətinin baş sponsorluğu, "Unimetal” və "Marsol Expo”nun sponsorluğu, Birbank Biznesin rəsmi tərəfdaşlığı, "Kanaat Alüminyum”un təşkilati dəstəyi, Dövlət Vergi Xidməti və "İR Master Group” MMC-nin tərəfdaşlığı, BHB Strategic & Creative Co. şirkətinin media tərəfdaşlığı ilə keçirilib.
İCMA-nın sektorial görüşlər və axşam ziyafətləri təşəbbüsü sahibkarlar arasında əlaqələrin genişləndirilməsi, müxtəlif biznes sahələrinin aktual məsələlərinin müzakirəsi və yeni əməkdaşlıq imkanlarının yaradılmasına xidmət edir. Tikinti və inşaat materialları sektoruna həsr olunan bu görüş İCMA tərəfindən indiyədək təşkil edilmiş altıncı sektorial görüş olub.






























































