Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA
SİYASƏT
16:47 05.11.2026
41
Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır.

Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələr aparılır. Bu baxımdan Ərdoğanın Azərbaycana gözlənilən səfəri də diqqət çəkir. Səfərin iki ölkə arasındakı münasibətlərə necə təsir edəcəyi maraq doğurur.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan politoloq Tural İsmayılov bildirib ki, sosial şəbəkələrdəki müzakirələri Azərbaycan-Türkiyə münasibətlərinin ümumi mənzərəsi kimi qiymətləndirmək düzgün deyil:

"Son dövrlər Azərbaycan-Türkiyə münasibətləri ətrafında sosial şəbəkələrdə müşahidə olunan müzakirələrə daha geniş siyasi kontekstdən yanaşmaq lazımdır. Xüsusilə Türkiyədə bəzi şəxslərin, ictimai-siyasi fiqurların və ayrı-ayrı sosial media hesablarının Azərbaycan əleyhinə sərt, bəzən isə qardaşlıq münasibətlərinin mahiyyətinə zidd paylaşımlar etməsi müəyyən süni gərginlik yaradıb. Belə vəziyyətlərdə emosional reaksiyalara qapılmaq və ayrı-ayrı şəxslərin mövqeyini bütövlükdə Türkiyə cəmiyyətinin və ya dövlətinin mövqeyi kimi təqdim etmək düzgün deyil.
 
 

Azərbaycan-Türkiyə münasibətləri sosial şəbəkələrdəki mübahisələrdən, ayrı-ayrı şəxslərin açıqlamalarından və müvəqqəti fikir ayrılıqlarından daha böyük siyasi məzmuna malikdir. Bu münasibətlər ortaq tarixə, milli-mənəvi dəyərlərə, qarşılıqlı dəstəyə və konkret strateji maraqlara əsaslanır. Eyni zamanda, qardaşlıq münasibətləri qarşılıqlı hörmət, suverenliyə ehtiram və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri üzərində qurulmalıdır. Heç bir tərəf bu münasibətləri digərinin daxili işlərinə müdaxilə və ya öz mövqeyini diktə etmək vasitəsi kimi qəbul etməməlidir".

Politoloqun sözlərinə görə, iki ölkə arasında fikir ayrılıqlarının yaranması strateji müttəfiqliyin mahiyyətinə təsir göstərməməlidir:

"Hesab edirəm ki, Azərbaycan və Türkiyə münasibətlərində əsas məsələ ayrı-ayrı mübahisələrin gündəmi zəbt etməsinə imkan verməməkdir. Fikir ayrılıqları ola bilər, müəyyən məsələlərdə fərqli mövqelər ortaya çıxa bilər. Lakin bunlar iki dövlətin strateji müttəfiqliyinin mahiyyətini kölgədə qoymamalıdır. Qardaşlıq münasibətləri həm də mürəkkəb dövrlərdə bir-birini anlamaq, qarşılıqlı hörməti qorumaq və problemləri kənar təsirlərdən uzaq, birbaşa dialoqla həll etmək bacarığıdır".

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR