“Tiktok”çu “Çevik”in döyülməsi ilə bağlı yeni faktlar - Vəkili danışdı - TƏFƏRRÜAT

“Tiktok”çu “Çevik”in döyülməsi ilə bağlı yeni faktlar - Vəkili danışdı - TƏFƏRRÜAT
SOSİAL
19:48 02.09.2026
750
Qəbələdə döyülən "Çevik” adlı tiktoker Məqsəd Bağırovun vəkili açıqlama verib.

Hüquqşünas Rəhim Xoyski AZXEBER.COM-a açıqlamasında hadisənin təfərrüatı haqda danışıb.
 
O deyib ki, "Çevik”i çayxanaya dəvət edib, orada döyüblər:

"Kamran Bilalov ortaq tanışları Fəqan Məlikzadə vasitəsilə Məqsəd Bağırovu dini söhbətlərin müzakirəsi üçün Qəbələdə yerləşən çay bağında görüşə çağırıb. Məqsəd Bağırov dəvəti qəbul etdikdən sonra görüş restoranın kabinetində baş tutub. Söhbət dini mövzuda başlamazdan əvvəl Məqsəd Bağırov siqaret çəkmək üçün kabinetin qapısına çıxıb, Fəqan Məlikzadə isə kabinetdə qalıb. Həmin vaxt Kamran Bilalov onun ardınca çıxaraq, dini məzmunlu video çəkilişlərinin dayandırılmasını tələb edib. 

Məqsəd Bağırov bu tələbə cavab verməyə imkan tapmamış, onun baş nahiyəsinə çoxsaylı zərbələr endirilib. Zərbələr nəticəsində Məqsəd Bağırov yerə yıxılıb. 

Səs-küyü eşidərək kabinetdən çıxan Kamran Bilalov Fəqan Məlikzadəyə "Bunu aparın, yoxsa onu doğrayacağam” deyərək hədə-qorxu gəlib. Bundan sonra Fəqan Məlikzadə Məqsəd Bağırovu hadisə yerindən uzaqlaşdırıb”.

O qeyd edib ki, Məqsəd Bağırov üçün yaxın günlərdə cərrahi müdaxiləyə ehtiyac yarana bilər:

"Baş verənlərlə bağlı dərhal polis xidmətinə müraciət edilib.
İstintaq çərçivəsində təyin olunmuş məhkəmə-tibbi ekspertizası zamanı aparılan müayinələr nəticəsində Məqsəd Bağırovun sağ orbital nahiyəsində yumşaq toxumaların şişkinliyi və dərialtı hematoma, habelə burun sümüyünün sınığı aşkar edilib.
Həmin gün Məqsəd Bağırov müalicə məqsədilə xəstəxanaya yerləşdirilib. Həkimlərin ilkin qənaətinə görə, yaxın günlərdə cərrahi müdaxiləyə ehtiyac yarana bilər”.

"Hadisə ilə bağlı Qəbələ Rayon Polis Şöbəsində istintaq aparılır. Əldə olunan məlumatlar əməlin dini fanatizm zəminində törədildiyini düşünməyə əsas verir. Hadisəyə hüquqi qiymətin verilməsi istintaqın səlahiyyətindədir və bununla bağlı müvafiq vəsatətlərlə çıxış edirik. Hadisəyə tam və obyektiv hüquqi qiymət verilməsi üçün bütün qanuni addımlar atılır və atılacaq. İşin gedişatı barədə ictimaiyyət mütəmadi formada məlumatlandırılacaq”, – deyə hüquqşünas bildirib.
 
Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR