Toy etmək istəyənlərin diqqətinə - Bu tarixdən bahalaşma olacaq

Toy etmək istəyənlərin diqqətinə - Bu tarixdən bahalaşma olacaq
SOSİAL
21:35 17.06.2026
221
Məhərrəmlik ayının başlaması ilə ölkədə toy mərasimlərinin keçirilməsində ənənəvi olaraq müəyyən azalma müşahidə olunur. Bu vəziyyət şadlıq evləri, musiqi qrupları, foto-video xidmətləri və digər toy sektoru iştirakçılarının fəaliyyətinə təsir göstərir. Bununla belə, bu dövrdə keçirilməyən məclislərin sonrakı aylara təxirə salınması bazarda müvəqqəti durğunluğun ardınca sifarişlərin artmasına səbəb olur.

Məsələ ilə bağlı iqtisadçı ekspert Asif İbrahimov Demokrat.az-a bildirib ki, Məhərrəmlik ayı ilə əlaqədar toy mərasimlərinin sayının azalması Azərbaycan bazarında hər il təkrarlanan mövsümi iqtisadi hadisələrdən biridir:

"Toy bazarı Azərbaycan iqtisadiyyatında mühüm paya sahibdir. Bu dövrdə şadlıq sarayları, foto-video xidmətləri, musiqi qrupları, dekorasiya şirkətləri, gül satışı, şirniyyat istehsalı və digər əlaqəli xidmət sahələrində fəaliyyət nisbətən zəifləyir. Lakin bu, bazarda tələbin tam yox olması deyil, sadəcə müəyyən müddətə təxirə salınması deməkdir. Adətən Məhərrəmlikdən sonra gözləmə mövqeyində olan ailələrin eyni vaxtda toy tarixləri müəyyənləşdirməsi bazarda qısamüddətli tələb artımı yaradır. İqtisadi baxımdan bu proses "təxirə salınmış tələbin bazara qayıtması" kimi xarakterizə olunur. Tələbin qısa müddətdə artması isə bəzi xidmət növlərində qiymətlərin yüksəlməsinə səbəb ola bilər. Xüsusilə məşhur şadlıq sarayları, tanınmış musiqi kollektivləri, fotoqraflar və digər yüksək tələbatlı xidmət təminatçıları üçün rezervasiyaların sürətlə dolması qiymət artımı üçün əlverişli şərait yaradır. Bazarın təklif imkanları məhdud olduğu halda tələbin artması klassik bazar qanunlarına uyğun olaraq qiymətlərə təsir göstərir”.

O deyib ki, qiymət artımının kəskin olacağını gözləmirəm:

"Çünki toy bazarında rəqabət kifayət qədər yüksəkdir. Bakıda və regionlarda fəaliyyət göstərən çoxsaylı şadlıq sarayları və xidmət şirkətləri qiymətlərin nəzarətsiz yüksəlməsinə imkan vermir. Əksinə, bəzi hallarda müəssisələr boş qalmamaq üçün kampaniyalar və endirim paketləri də təklif edirlər. Son illərdə ailələrin toy xərclərinə yanaşmasında da dəyişiklik müşahidə olunur. Əhalinin gəlirləri, inflyasiya amili və ümumi iqtisadi şərait daha rasional xərc davranışını təşviq edir. Bir çox ailələr artıq daha böyük və təmtəraqlı məclislərdən çox, büdcələrinə uyğun seçimlərə üstünlük verirlər. Bu da xidmət göstərən müəssisələrin qiymət siyasətinə təsir edən mühüm amillərdən biridir. Əgər Məhərrəmlikdən sonrakı dövrdə toy sifarişlərinin sayı ötən illərlə müqayisədə əhəmiyyətli dərəcədə artarsa, qiymət artımı daha çox premium seqmentdə özünü göstərə bilər. Yəni yüksək reytinqli şadlıq saraylarında, məşhur aparıcı və musiqi qruplarında qiymətlərin yüksəlməsi ehtimalı daha yüksəkdir. Orta və aşağı qiymət seqmentlərində isə rəqabət amili qiymətlərin daha sabit qalmasına səbəb olacaq.  Məhərrəmlikdən sonra toy bazarında canlanma əlbəttə ki, olacaq. Lakin bu canlanmanın bütün bazar üzrə kəskin qiymət sıçrayışı yaratmasından daha çox, müəyyən xidmət növlərində və populyar məkanlarda lokal qiymət artımları ilə müşayiət olunacağını gözləmək daha real görünür. Toy bazarında qiymətləri müəyyən edən əsas amil mövsümi canlanma deyil, tələb və təklif arasındakı balansdır. Tələb müvəqqəti artır, lakin rəqabət bazarın qiymətləri həddindən artıq yüksəltməsinin qarşısını alan əsas mexanizm olaraq qalır”. 
OXŞAR XƏBƏRLƏR