Toylarda alınan qızıl zinət əşyalarının sonradan satılarkən daha ucuz qiymətə alınması alıcılar arasında maraq doğuran məsələlərdən biridir.
Bir çox insan toy və digər xüsusi günlərdə qızıl zinət əşyaları alır və onları həm şəxsi istifadə, həm də gələcək üçün yığım vasitəsi kimi saxlayır. Lakin həmin əşyalar sonradan satılarkən mağazadan alınma qiyməti ilə müqayisədə daha aşağı məbləğ təklif olunur.
Bu zaman qızılın alış və satış qiyməti arasındakı fərqin nədən qaynaqlandığı, qiymətləndirmə zamanı hansı amillərin nəzərə alındığı və zinət əşyalarının dəyərinə nələrin təsir etdiyi suallar doğurur.
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan iqtisadçı Günay Hüseynova bildirib ki, yeni və ikinci əl məhsullar arasında qiymət fərqi olduğu kimi, qızıl zinət əşyalarında da bu fərq mövcuddur:
"Əslində, hər məhsulda yeni və ikinci əl arasında qiymət fərqi var. Qızıl zinət əşyalarında da bu fərq müşahidə olunur. Sadəcə, burada vəziyyət bir qədər fərqlidir. Qızılın əyarı, qaşlı və ya qaşsız olması, istifadəyə yararlı olub-olmaması, yaxud lom kimi qiymətləndirilməsi onun qiymətinə təsir göstərir.
Əksər hallarda qaşlı, istifadəyə yararsız və alıcının zövqünə uyğun olmayan köhnə modellər müştəridən daha ucuz qiymətə alınır. Qızılı yatırım və ya investisiya vasitəsi kimi alan şəxslər, əsasən, 750 əyarlı, İtaliya istehsalı olan və qaşsız modellərə üstünlük verirlər”.
Fəridə Əsədzadə











































