ABŞ Prezidenti Donald Trampın bu həftə Çinə planlaşdırılan səfəri 2017-ci ildən bəri Amerika liderinin ölkəyə ilk səfəri olacaq.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Donald Tramp və Çin Prezidenti Si Cinpin arasında keçiriləcək yeddinci görüş isə qlobal siyasi və iqtisadi balans baxımından mühüm əhəmiyyət daşıyır.
Sabah başlayacaq və üç gün davam edəcək zirvə görüşündə ABŞ–İsrail–İran gərginliyi, ticarət müharibələri, Tayvan məsələsi və qlobal iqtisadi münasibətlər əsas müzakirə mövzuları olacaq.
İki lider arasında dialoq 2017-ci ildə Floridadakı Mar-a-Laqo iqamətgahında keçirilən görüşlə başlayıb. İlk mərhələdə münasibətlər daha müsbət atmosferdə inkişaf etsə də, sonrakı illərdə tərəflər arasında ciddi rəqabət və milyardlarla dollarlıq tarif müharibələri yarandı.
Tramp və Si arasında şəxsi münasibətlərin qorunmasına çalışılsa da, qarşılıqlı iqtisadi sanksiyalar əlaqələri gərginləşdirib. Buna baxmayaraq, tərəflər dialoq kanallarını açıq saxlamağa davam ediblər.
İki liderin əvvəlki görüşləri qlobal ticarətə təsir edən mühüm qərarlarla yadda qalıb. 2018 və 2019-cu illərdə keçirilən G20 sammitlərində ticarət müharibəsini yumşaltmağa yönəlmiş "birinci mərhələ” razılaşmaları əldə edilmişdi. Lakin pandemiya və Çinin satınalma öhdəliklərini tam yerinə yetirməməsi münasibətlərdəki gərginliyi yenidən artırdı.
2025-ci ildə Cənubi Koreyada keçirilən APEC sammitində isə tərəflər uzun fasilədən sonra 140 faizə çatan tariflərin fonunda müvəqqəti bir illik ticarət atəşkəsi barədə razılığa gəldilər.
Bu müddətdə ABŞ Çinlə bağlı texnologiya ixracına məhdudiyyətlər tətbiq edib, Pekin isə nadir torpaq elementləri sahəsində strateji addımlarla cavab verib.
Pekində keçiriləcək yeni sammitin 2025-ci ilin sonunda əldə olunan ticarət atəşkəsinin taleyinə və regional münaqişələrin gələcəyinə təsir göstərəcəyi bildirilir.
Ekspertlər hesab edir ki, Tramp və Si Cinpinin ən mürəkkəb gündəmlərdən biri ilə bir araya gələcəyi bu görüş yalnız ABŞ–Çin münasibətləri üçün deyil, həm də Yaxın Şərqdəki müharibələr, enerji bazarları və qlobal iqtisadi sabitlik baxımından mühüm nəticələr doğura bilər.
Dünya ictimaiyyəti zirvədən çıxacaq qərarların qlobal iqtisadiyyatda yeni sabitlik mərhələsinin başlanğıcı olub-olmayacağını diqqətlə izləyir.











































