Fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru, hazırda Fransada mühacir həyatı yaşayan Elşad Abdullayevin İlham Əliyevə ünvanladığı müraciətdə bir çox məsələlər əksini tapıb. “Azadlıq” qəzetinin yaydığı müraciətdə Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin oğurlanması ilə bağlı dəhşətli faktlar yer alıb. Diqqət çəkən məqamlardan biri də E.Abdullayevin ANS-in “Günəbaxan” verilişinin aparıcısı Turan İbrahimovun ona görə işdən çıxarılması barədə yazdıqlarıdır: “21 sentyabr 2010-cu ildə məni ANS-in ”Günəbaxan" proqramına dəvət etdilər. Çıxışım 2 saata yaxın davam etdi və öz mövqeyimi tam surətdə ifadə etdim. ABU-nun bağlanmasının səbəblərini açıqladım və bunun arxasında hansı qüvvələrin dayandığını göstərdim. Həmin videodiski məhkəməyə də təqdim edə bilərəm. Həmin çıxışımdan dərhal sonra teleaparıcı Turanı işdən azad etdilər. ANS TV-dəki çıxışımdan sonra küçəyə çıxanda böyük insan kütləsi məni qarşıladı. 5 minə yaxın adam məni müdafiə etmək üçün gəlmişdi".Bu yaxınlarda ikinci dəfə ANS-ə qayıdan və qalmaqallı şəkildə işdən uzaqlaşdırılan Turan İbrahimov isə ABU rəhbərinin dediklərini təkzib etdi. O, “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ANS-dən Milli Məclisə keçirilən seçkilərdə iştirakına görə ayrılıb: “Elşad Abdullayevin belə qeyri-ciddi addım atmağı, açıqlama verməyi məni təəccübləndirir. Onu həyatımda ilk dəfə canlı yayımda görmüşəm. Verilişimə isə onu ANS rəhbərliyinin müqaviləsi ilə bizim prodüserlər dəvət edib. Həmin verilişdən sonra 3 ay efirdə olmuşam. Seçkilərə qatılmaq niyyətimə görə telekanaldakı fəaliyyətimi dayandırmışam. Yəni könüllü şəkildə uzaqlaşmışam. Elşad Abdullayevin bu açıqlaması yerini möhkəmlətmək, öz aləmində müəyyən adamları şantaj etmək üçün istifadə etdiyi çox əsassız, mənasız arqumentdir. Onun bu arqumentləri digər arqumentlərini də şübhə altına salır”.Xatırladaq ki, ötən il keçirilən parlament seçkilərinə qatılan T.İbrahimov bu yaxınlarda yenidən ANS-ə qayıtsa da, aparıcısı olduğu “Açıq söhbət” verilişinin ilk çəkilişlərindən sonra telekanaldan qovulub. Onun televiziyadan qovulması yeni efirə hazırlanan verilişdə dava düşməsi ilə bağlı olub. Debatda T.İbrahimovun müdaxilələr etməsi, jurnalistin tərəf kimi çıxış etməyə cəhd göstərməsi debatın baş tutmaması ilə nəticələnib. Ehtimal olunur ki, o, bu verilişi müxalifət əleyhinə yön verərək efirə vermək niyyətində olub.
/// Yeni Musavat