Türkiyə Super Liqasının IX turu çərçivəsində son çempion "Qalatasaray” bu gün "Fənərbağça”nı qəbul edəcək.
"RAMS Park”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
"Sarı-qırmızılılar” Super Liqada ev oyunlarında uzun müddətdir məğlub olmur. İstanbul təmsilçisi "RAMS Park”da sonuncu dəfə 2023-2024 mövsümünün 37-ci turunda "Fənərbağça”ya 0:1 hesabı ilə uduzub. Həmin qarşılaşmadan sonra meydana çıxdığı 39 oyunda məğlub olmayan "sarı-qırmızılılar” bu müddətdə 31 qələbə qazanıb, 8 dəfə heç-heçə edib.
"Qalatasaray” və "Fənərbağça” Türkiyə Super Liqası tarixində 139-cu dəfə üz-üzə gələcək. İndiyədək keçirilən qarşılaşmalarda "sarı-lacivərdlilər”in 53, "sarı-qırmızılılar”ın isə 39 qələbəsi var. Daha 46 oyun heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, hazırda 19 xalı olan "Qalatasaray” turnir cədvəlinin ikinci, 16 xala malik "Fənərbağça” isə üçüncü pilləsində qərarlaşıb.
///teleqraf///











































