Türkiyə üçün son şans, Xorvatiya üçün qisas anı

İDMAN
18:46 11.11.2011
1535

Bu gün Avro-2012-in pley-off oyunları keçiriləcək.

FİFA-nın təqvimində rəsmi oyun günlərində - 4 gündə keçiriləcək 8 oyunla final mərhələsinin son 4 iştirakçısı müəyyənləşəcək. İlk oyunların 11-ci ayın 11-ci günündə, 2011-ci ildə keçirilməyi diqqət çəkir.

Təbii ki, futbolsevərlərimizin əsas diqqət mərkəzində Türkiyə yığmasının oyunları olacaq. Məlum olduğu kimi, qardaş ölkənin təmsilçisi Avro-2012-in seçmə mərhələsində milli komandamızla bir qrupda yer aldı və məhz bizimlə matçda 2-ci yeri tutub, pley-offa çıxmağını rəsmiləşdirdi. Son Avropa çempionatının (AÇ) bürünc medalçısı olan “ay-ulduzlular” yenidən həmin turnirin final mərhələsində iştirak etmək üçün Xorvatiya səddini aşmalıdır. Bu isə Avro-2008-in ¼ finalında türklərə rəqib olan yığmadır. Həmin dramatik oyun indiyə kimi yaddaşlardan silinməyib. Əsas vaxtda hesab açılmadığından, qalibi müəyyənləşdirmək üçün əlavə vaxt təyin edildi. Bu zaman Türkiyə hesabda geri düşdü və uduzacağı gözlənildiyi halda, Semih Şəntürk buna imkan vermədi. Hücumçu son saniyələrdə vurduğu qolla hesabı 1:1 etməyə müvəffəq oldu. Bundan ruhlanan türklər oyun sonrası penaltilər seriyasını daha dəqiq yerinə yetirdi və təcrübəli qapıçısı Rüştü Rəcbərin inamlı oyunu sayəsində yarımfinala vəsiqə qazandı. Sözsüz ki, həmin acınacaqlı məğlubiyyəti unutmayan xorvatlar bunun əvəzini çıxmaq üçün alışıb-yanırlar. Püşk onlara belə bir fürsəti verdi və bu şansdan nə dərəcədə yararlanacaqlarını gələn həftə biləcəyik. Balkanlılar ilk oyunu səfərdə keçirməyin əlavə üstünlüyündən də istifadə etməlidir. Yəni qalib istənilən halda, cavab oyununda müəyyənləşəcək və Xorvatiya həmin həlledici görüşdə meydan sahibi olacaq. Türkiyə yığması daim pley-off iştirak edənlərdən biri kimi tanınır. O, bu yolla 4 dəfə mötəbər turnirlərin final mərhələsinə çıxmağa çalışıb. İlk 2 dəfə buna müvəffəq olan “ay-ulduzlular” Avro-2000-də İrlandiyanı (evdə 0:0, səfərdə 1:1), DÇ-2002-də Avstriyanı (evdə 5:0, səfərdə 1:0) keçib. Ancaq sonrakı 2 pley-off türklər üçün uğursuz olub. Söhbət Avro-2004-də Latviya (səfərdə 0:1, evdə 2:2) və DÇ-2006-da İsveçrə (səfərdə 0:2, evdə 4:2) ilə matçlardan gedir. Xorvatiyanın isə bu oyunlarda 100 faiz göstəriciyə malik olmağı “ay-ulduzlular”da narahatlıq doğurmalıdır. Belə ki, DÇ-98-də Ukrayna (evdə 2:0, səfərdə 1:1) və Avro-2004-də Sloveniya (səfərdə 1:1, evdə 1:0) səddini aşmaq mümkün olub. Məlum olduğu kimi, pley-offda keçmiş Yuqoslaviyanı təkcə Xorvatiya yox, ümumilikdə, 3 yığma təmsil edəcək. Bu ölkənin əsas varisi olan Serbiyanın final mərhələsinə çıxmağına imkan verməyən Estoniya yığması qrupda 2-ci yeri tutmaqla, Avro-2012-in baş çatan seçmə mərhələsinin ən böyük sürprizi oldu. İndi Baltikyanı ölkənin təmsilçisini İrlandiya yığması ilə çətin sınaq gözləyir. Estonlarla görüşün aşkar favoriti olan britaniyalılar 6-cı dəfə pley-offda iştirak edəcək. Onlar yalnız 1 dəfə - DÇ-2002-də İranı keçməklə (2:0, 1:1) qalib olub. Avro-96-da Hollandiya (0:1), DÇ-98-də (1:1, 1:2) Belçika, Avro-2000-də Türkiyə (0:0, 1:1), DÇ-2010-da Fransa ilə matçlar İrlandiya üçün uğursuz olub. Estoniya növbəti sürprizi reallaşdırsa, bu ölkənin Dmitri Kruqlov başda olmaqla milli çempionatımızda çıxış etmiş bir sıra futbolçular AÇ-nin final mərhələsinin həyəcanını yaşamış olacaq. Keçmiş Yuqoslaviyanın digər təmsilçilərindən Çernoqoriya pley-offda debüt edəcək. Sözsüz ki, daha adlı-sanlı olan Çexiya yığmasının qələbə şansı yüksək qiymətləndirilir. Üstəlik, çexlər Portuqaliya yığması kimi vəsiqə qazanacağı halda, 5-ci dəfə AÇ-nin final mərhələsində iştirak edəcək. Ancaq Çernoqoriya millisi İngiltərə kimi güclü rəqibə uduzmamaqla (səfərdə 0:0, evdə 2:2), mübariz komanda kimi özünü göstərdi. Ardıcıl 2-ci dəfə pley-offda çıxış edəcək Bosniya və Herseqovina DÇ-2010-dakı uğursuzluğunu Avro-2012-də təkrarlamamağa çalışacaq. Maraqlıdır ki, bosniyalılar yenə həlledici oyunlarda Portuqaliya yığmasına rəqib olub. Ötən dəfə hər 2 oyun portuqaliyalıların 1:0 hesablı qələbəsi ilə nəticələnib. İndi bosniyalılar da xorvatlar kimi qisas almaq imkanına malikdir. Dünyanın ən bahalı futbolçusu olan Kriştianu Ronaldonun kapitanı olduğu Portuqaliya yığması kənarda qalarsa, Avro-2012-yə maraq azalacaq. 11 noyabr 23:00. Bosniya və Herseqovina - Portuqaliya23:05. Türkiyə - Xorvatiya23:15. Çexiya – Çernoqoriya

OXŞAR XƏBƏRLƏR