Türkiyə üçün tarixi gün - Hər kəsin gözlədiyi qanun layihəsi qəbul edildi

Türkiyə üçün tarixi gün - Hər kəsin gözlədiyi qanun layihəsi qəbul edildi
DÜNYA
01:04 11.08.2026
367
"Terrorsuz Türkiyə” təşəbbüsü çərçivəsində hazırlanan "Milli həmrəyliyin və sosial inteqrasiyanın gücləndirilməsi haqqında” qanun layihəsi avqustun 10-də Türkiyə Böyük Millət Məclisində (TBMM) qəbul edilib.

AZXEBER.COM AZƏRTAC-a istinadən xəbər verir ki, 562 deputatdan 468-i normativ aktın lehinə səs verib.

12 maddədən ibarət olan qanunvericilik təşəbbüsünün məqsədi zorakılıq yolundan imtina etmiş cinayətkar təşkilat üzvlərinin cəmiyyətə yenidən inteqrasiyasının təmin olunmasıdır.

Sənədə əsasən, terror təşkilatının tərkibində törətdikləri qanunazidd əməllərə görə 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulan şəxslər barəsində cəzanın icrası 5 il müddətinə təxirə salına biləcək. Əməllərinə görə 15 ildən artıq və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulan şəxslər üçün isə bu müddət 10 il olacaq.

Qanundan yararlanmaq istəyən şəxslər 6 ay ərzində müraciət edə biləcəklər. Bununla yanaşı, cəzanın icrasının təxirə salınması iddia müddətinin başa çatmasına görə cinayət məsuliyyətindən azad edilmək üçün əsas hesab olunmayacaq.

Terrorçu PKK-nın rəhbərləri, qəsdən adamöldürmə cinayəti törətmiş terrorçular, habelə 2005-ci il iyunun 1-dək ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutan, xüsusilə, ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxslər çərçivə qanununun tələblərindən yararlana bilməyəcəklər.

Prosesə nəzarəti Türkiyənin Ədliyyə, Xarici İşlər və Daxili İşlər nazirlikləri, Prezident Administrasiyasının Katibliyi, Milli Kəşfiyyat Təşkilatı və Milli Təhlükəsizlik Şurasının Katibliyinin birgə iştirakı ilə formalaşdırılacaq xüsusi qurum həyata keçirəcək.
OXŞAR XƏBƏRLƏR