Türkiyənin Cümhuriyyət Xalq Partiyasında (CHP) parlamentdə qəbul edilən "Çərçivə qanunu”na verilən dəstəkdən sonra ilk istefa baş verib.
Belə ki, CHP Çorum İl Qadın Qollarının rəhbəri Özlem Özşahin vəzifəyə təyin olunmasından cəmi dörd gün sonra istefa verdiyini açıqlayıb.
O, qərarına səbəb kimi CHP-nin Türkiyə Böyük Millət Məclisində qəbul edilən qanuna dəstək verməsini göstərib. Özşahin Türkiyənin unitar dövlət quruluşunun onun üçün "qırmızı xətt” olduğunu bildirərək, partiyanın bu məsələdəki mövqeyinin şəxsi prinsipləri ilə ziddiyyət təşkil etdiyini vurğulayıb.
Maraqlıdır, Özşahinin istefası CHP daxilində daha geniş siyasi ayrışmanın ilk əlamətidirmi?
Məsələ ilə bağlı AZXEBER.COM-a danışan türkiyəli siyasətçi Hasan Oqtay bildirib ki, sözügedən istefa təkbaşına CHP-də parçalanmanın göstəricisi sayıla bilməz, lakin partiya daxilində mühüm siyasi siqnal kimi qiymətləndirilə bilər:

"Çünki etiraz birbaşa qanunun texniki müddəalarından daha çox, CHP-nin dövlət anlayışı və partiya kimliyi üzərindən gəlir. Özlem Özşahin, CHP Çorum İl Qadın Qolları sədrliyinə gətirildikdən yalnız bir neçə gün sonra, CHP-nin TBMM-də qəbul edilən "Çərçivə Qanunu”na dəstək verməsini əsas gətirərək vəzifəsindən ayrıldı və dövlətin unitar quruluşunun onun üçün qırmızı xətt olduğunu bildirdi. Xəbər mənbələrinə görə, qanun avqustun 10-da 467 səslə qəbul edilib, Özşahinin istefası isə avqustun 11-də açıqlanıb”.
Ekspert Özşahinin istefasını əhəmiyyətli hesab etdiyini bildirib:
"Çünki siyasətdə yalnız qanunun nə dediyi deyil, partiya bazasının həmin qanunu necə qəbul etdiyi də önəmlidir. Əgər CHP rəhbərliyi "terrorsuz Türkiyə” və demokratikləşmə perspektivindən çıxış edərkən, CHP-nin ənənəvi millətçi/ünitar dövlət həssaslığına malik bazası bunu fərqli oxuyursa, partiya daxilində ciddi kimlik gərginliyi yarana bilər. Xüsusilə istefanın vəzifəyə başladıqdan cəmi dörd gün sonra baş verməsi bunun şəxsi vəzifə anlaşılmazlığından daha çox prinsipial etiraz kimi təqdim edildiyini gücləndirir. Özşahin açıq şəkildə CHP-də siyasət aparmaq imkanı görmədiyini bildirib”.
H.Oqtay hesab edir ki, hazırkı mərhələdə sözügedən hadisəni CHP-də parçalanma kimi qiymətləndirmək üçün kifayət qədər əsas yoxdur:
"Strateji baxımdan yanaşdıqda bu hadisəni kiçiltmək olmaz, lakin "CHP parçalanır” nəticəsinə gəlmək üçün də hələ tezdir. Məsələyə yalnız bir istefa kimi deyil, CHP daxilində davam edən daha geniş siyasi ayrışmanın mümkün göstəricilərindən biri kimi baxmaq lazımdır. Əgər qarşıdakı günlərdə xüsusilə Anadolu təşkilatlarında oxşar istefalar, açıqlamalar və ya təşkilati etirazlar müşahidə olunarsa, o zaman bunu CHP daxilində daha dərin "Çərçivə Qanunu – unitar dövlət – terrorsuz Türkiyə” oxunda kimlik münaqişəsinin başlanğıcı kimi qiymətləndirmək mümkün olacaq. Məsələnin CHP baxımından kritik nöqtəsi məhz budur: Partiya rəhbərliyi yeni həll prosesinə dəstək verərkən özünün tarixi dövlət və unitar quruluş həssaslığı ilə partiya bazası arasındakı tarazlığı necə qoruyacaq? Bu tarazlıq qurulmasa, Özşahinin istefası nəticədən çox ilk işarə olaraq qala bilər”.
Fəridə Əsədzadə







































