Türkiyənin tanınmış müğənnisi: “Yaxşı, biz türküksə, o zaman siz kimsiniz? ” - FOTOLAR

GƏNCLİK
22:01 29.01.2012
3206

Xəbər verdiyimiz kimi, 28 yanvar tarixində Türkiyənin tanınmış sənətçisi Ahmet Şafak Azərbaycan Tədris Akademiyasında (A.S.A) gənclərlə görüş keçirib.

“Ahmet Şafak olmağımın səbəbi yaxşı bir vətəndaş və yaxşı bir Allah qulu olmağımdan irəli gəlir”.

Gənclərin alqışı ilə A.S.A-ya daxil olan Türkiyənin tanınmış sənətçisi çox keçmədən onlara özü haqqında ətraflı məlumat verməyə başlayıb. Azərbaycana tez-tez gəldiyini söyləyən Ahmet Şafak savadsız bir ailənin övladı olduğunu, buna baxmayaraq anasından, atasından həyatda çox şey öyrəndiyini bildirib: “Mən İstanbulun kiçik bir məhəlləsində dünyaya gəlmişəm. Anamın və atamın heç bir təhsili olmasa da, onlardan çox şey öyrənmişəm. Mənim anam və atam alim deyildilər, arif idilər. Bilirsinizmi, analar və atalar övladlarına əslində heç bir şey öyrətməzlər. Onların həyatda olması özü bir təhsildir. Belə ki, hər bir övlad ailəsinə baxdıqca öyərənir. Ailə necədirsə, övladlar da o cür təhsil alır. Mən ilk ibtidai təhsilimi məhz onlardan aldım. Bu təhsilin birinci dərsi əxlaqlı olmaq idi. Əxlaqın kökü xalqdan gəlir. Ərəbcə “huluk” xalq deməkdir. Mən ilk xalq sevgisini əxlaqlı olduqdan sonra öyrəndim. Sənətçi olmaq ilk növbədə Allahın sənə verdiyi gözəlliklərin fərqinə varmaqdır. Allah mənə səs verib və mən bunun fərqindəyəm. Amma bir çox sənətçi var ki, onlar bunun fərqində deyillər. Bu özü əxlaqdan kənar davranış formasıdır. Ahmet Şafak olmağımın səbəbi yaxşı bir vətəndaş və yaxşı bir Allah qulu olmağımdan irəli gəlir. Bunun başqa bir səbəbi yoxdur”.

“Atatürk məktubların birində deyir ki, Azərbaycan hər şeyin ilkini edən bir dövlətdir”.

Sənətçi diskussiya şəklində keçən görüşdə türkçülüyün onun üçün həyatda çox böyük əhəmiyyətə malik olduğunu qeyd edib: “ İlk dəfə böyük türk millətinin varlığını 2001-ci ildə Qırğısıztana səyahətim zamanı gördüm. Orada verdiyim konsertdən sonra gördüm ki, əslində, mənim millətimin gücü çox böyükdür. Daha sonra türklərin çox olduqları yerlərə səyahətlər etdim. Gördüm ki, türkçülüyün mənbəyi elə Azərbaycandır. İlk cumhuriyyəti yaradan, mədəniyyətləri birləşdirən, türkçülüyü təbliğ eliyən elə buradır. Mən Atatürklə Məmməd Əmin Rəsulzadənin yazdığı məktubları oxumuşam. Atatürk məktubların birində deyir ki, Azərbaycan hər şeyin ilkini edən bir dövlətdir. O hətta Məməd Əmin Rəsulzadəyə “Türk dövlətinin necə yaradılmasını, bayrağı necə qaldırmasını bizə siz öyrətdiniz” deyir. Türkçülük və qardaşlıq budur. Buna baxmayaraq, Azərbaycanda şou-biznes nümayəndələrinin özlərini türkçü kimi aparmamasını anlamıram. Hətta arada bizə “siz türklər” deyə xitab edirlər. Yaxşı, biz türküksə, o zaman siz kimsiniz? Axı biz hamımız türkük. Mən anadoludan, sən qafqazdan. Nə fərqi var? Təkcə bu deyil. Hərdən televiziyalarda Türkiə-Azərbaycan dostluğu kimi sözlər eşidirəm. Mən onu deyim ki, dostluq çox uzaq və arada məsafə qoyan bir sözdür. Məsələn, mən qardaşıma heç vaxt o mənim dostumdur demərəm. Çünki biz qardaşıq. Adından göründüyü kimi, qarındaş”.

“Qarabağla bağlı mahnı oxumaq çox çətindir”.

Ahmet Şafak eyni zamanda oxuduğu mahnıların siyasi görüşlərlə əlaqəsi olmadığını, yalnız ölkəsində baş verən hadisələrə bir vətəndaş kimi öz səsi ilə cavab verdiyini bildirib. O, Azərbaycanla bağlı fikirlərini bildirərkən “mən də sizin müğənniyəm” deyə burada olmaqdan çox məmnun olduğunu qeyd edib. Tanınmış sənətkar Qarabağla bağlı yazdığı mahnı haqqında da məlumat verib: “Mən Qarabağ haqqında mahnını studiyada yazdıqdan sonra köməkçim mənə niyə bu qədər tərlədiyimi soruşdu. Mən isə ona heç bir cavab verə bilmədim. İndi anlayıram ki, Qarabağla bağlı mahnı oxumaq çox çətindir. Çünki bu məsuliyyətli işin altından qalxmaq hər qula nəsib olmur”.

“Şəhidlər mənə nə pul, nə mükafat, nə də vəzifə vermirlər”.

Müğənni bugünkü Türkiyə və Azərbaycan şou-biznesi haqqında da fikirlərini söyləyib: “Hər il Türkiyədən bir çox müğənni Bakıda konsert verir. Onlarla bağlı təkcə burada deyil, Türkiyədə də öz fikirlərimi söyləmişəm. Sanki Türkiyədə hər hansı gizli bir qrup müğənnilərin savadlı olmasını, intellektual olmasını istəmir. Təsəvvür edin ki, Türkiyədə 1984-cü ildən terror təşkilatı fəaliyyət göstərir. Onlar heç vaxt çıxıb terror təşkilatlarını lənətləyən bir cümlə belə işlətməzlər. Sizcə, Türkiyənin şəhidlərinə bu cür münasibət bəsləyən insanlar Azərbaycanın dərdini anlayarmı? Amma mən şəhidlər haqqında, vətən haqqında, türkçülük haqqında oxuyanda Ahmet Şafak şəhidlər üzərindən qazanır deyirlər. Əzizlərim, onu bilin ki, şəhidlər mənə nə pul, nə mükafat, nə də vəzifə vermirlər. Və ya şəhidlər mənə bahalı maşınlar və bahalı evlər də vermirlər. Azərbaycanda da mən bunun şahidi olmuşam. Məsələn, siz Üzeyiri çox tənqid edirsiniz. Amma Üzeyir xalqın anlayacağı dildə mahnılar oxuyur ”.

İki saat çəkən görüşün ardınca gənclər Ahmet Şafaka “Qarabağ” Futbol Klubunun və "Sector11" fan klubunun şərfini hədiyyə ediblər. Görüşün ardından xatirə şəkilləri çəkdirilib.

Qeyd edək ki, Azərbaycan Tədris Akademiyasında (A.S.A) bundan öncə də gənclərin iştirak etdikləri debatlar və görüşlər keçirilib.

Əfsələddin Ağalarov

Foto: Ramil Ağasiyev

Ünvan: Bakı şəhəri,A.Gəraybəyli küçəsi, 37A(Ayna Sultanova heykəlinin yaxınlığında)Tel.: (012) 562 36 39Mob.: (055) 399 36 39E-poçt : [email protected]/* */web-sayt: www.asa.edu.az

OXŞAR XƏBƏRLƏR