Gənc və Goranboydakı uşaq bağçalarında araşdırmalar zamanı çoxlu nöqsanlar aşkar edilib
Gəncə şəhərində 10, 26, 28, 33 və 47 nömrəli körpələr evi-uşaq bağçasında, Goranboy rayonunda isə 1 və 2 nömrəli uşaq bağçalarında qidalanmanın dövlət standartına uyğunluğu araşdırılıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən AZXEBER.COM-a verilən məlumata görə, yoxlama komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Gəncə Ərazi İdarəsi tərəfindən aparılıb. Araşdırma zamanı müəyyən olunub ki, yeməklər müvafiq qaydada təsdiq edilmiş texnoloji təlimat və reseptura olmadan hazırlanır. Baxış zamanı müəssisələrin mətbəx və anbarının yararsız vəziyyətdə olduğu, müxtəlif ərzaq məhsullarının bir yerdə və eyni temperatur rejimində saxlandığı da aşkarlan olunub. Aşkar edilmiş bu və digər nöqsanlarla bağlı iradnamə yazılıb və onların aradan qaldırılması üçün müəssisə rəhbərlərinə vaxt verilib.