Azərbaycanda şəxslərin sosial platformada qeydiyyatına dair tələblər müəyyənləşir.
AZXEBER.COM xəbər verir ki, sözügüdən məsələ "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna əlavə edilməsi təklif olunan yeni maddədə əksini tapıb.
Qeyd olunur ki, 16 yaşı tamam olmamış şəxslərin platformada fərdi rəqəmsal hesablarının yaradılmasına yol verilmir.
Platformaların siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
Provayder platformada fərdi rəqəmsal hesabın yaradılması zamanı yaş məhdudiyyətinə nəzarəti təmin etmək üçün aşağıdakı texniki üsulların ardıcıl tətbiqini təmin etməlidir:
- şəxsin yaşının bəyan edilməsi;
- şəxsin bəyan edilən yaşının dəqiqləşdirilməsi, habelə 16-18 yaş arası uşağın qanuni nümayəndəsinin fərdi rəqəmsal hesabın yaradılmasına razılığının alınması üçün bank kartı, elektron poçt ünvanı və mobil telefon nömrəsi üzrə məlumatların təqdim edilməsi.
Qeyd edilən məlumatlar əsasında provayder şəxsin, habelə 16-18 yaş arası uşağın qanuni nümayəndəsinin elektron poçt ünvanına və mobil nömrəsinə sorğunun göndərilməsi, habelə ona məxsus bank kartından pul vəsaitinin çıxılması (geri qaytarılması şərtilə) vasitəsilə bəyan edilmiş yaşın yoxlanılmasını həyata keçirir.
Provayder fərdi rəqəmsal hesabın yaradılması zamanı şəxsin yaşının müəyyən edilməsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı əsasında nəzərdə tutulmayan və Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında nəzərdə tutulmuş insan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılmasına səbəb olmayan, istehlakçıların hüquqlarının müdafiəsi, dövlət sirrinin, fərdi məlumatların mühafizəsi və informasiya təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə zidd olmayan texniki üsulları tətbiq edə bilər.
Nəzərdə tutulmuş texniki üsullarla aparılan yoxlama nəticəsində istifadəçinin yaşının 16 və ya yuxarı olduğu müəyyən edildikdə, fərdi rəqəmsal hesabın yaradılması təmin edilir.
16-18 yaş arası uşağın fərdi rəqəmsal hesabında provayder tərəfindən yerləşdiriləcək məzmunların və reklamların dairəsi, habelə onun platformadan istifadə saatları uşağın qanuni nümayəndəsi tərəfindən idarə edilir. Belə nəzarətin həyata keçirilməsi üçün provayder platformada zəruri funksionallığı təmin etməlidir. Qanuni nümayəndələr 16-18 yaş arası uşaqların fərdi rəqəmsal hesablarına həmin funksionallıq əsasında aktiv nəzarət edilməsinə, habelə onların sosial şəbəkə platformalarından bu Qanunun tələblərinə uyğun şəkildə istifadə etməsinə cavabdehdirlər.
Qanun dərc edildiyi gündən on iki ay sonra qüvvəyə minəcək.











































