"Vaksini siyasətə, koronavirusu isə siyasi oyuna çeviriblər" - Deputatdan sərt açıqlama

SOSİAL
14:08 25.10.2021
1177
"ÜST səmimi şəkildə istəsəydi, koronavirusun qarşısını ala bilərdi. Bəlkə də koronavirus bəlasının nə olduğu və onun müalicə üsulları bir çox əczaçılıq şirkətlərinə, bir çox alimlərə məlumdur. Amma onlar bunun sirrini tam açmır”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.
 
Deputatın sözlərinə görə, ÜST siyasətlə məşğuldur:

"Bütün dünyada, hətta əhalisinin əksəriyyəti peyvənd olunan ölkələrdə belə pandemiya yenidən tüğyan etməyə başlayıb. Amma ölüm sayı çox azdır. Bizim peyvənddən aldığımız dərs ondan ibarətdir ki, peyvənd koronavirusa yoluxmanın qarşısını almır, sadəcə ölüm riskini azaldır və insanlar xəstəliyi yüngül keçirirlər. İkinci aldığımız dərs ondan ibarətdir ki, ÜST və bütün dünya koronavirus bəlasının nə olduğunu hələ də anlaya bilməyiblər. Onun müalicə yolunu tapa bilməyiblər. Artıq üzərindən iki ilə yaxın vaxt keçəcək, hələ də koronavirusa qarşı istifadə olunan konkret dərman preparatları yoxdur. Demək ki, bütün dünya hazırda ekspermentlə məşğuldur. Bu eksperment ondan ibarətdir ki, vaksinlər və müxtəlif dərman vasitələri yoxlanılsın və sonda artıq bilinəcək ki, hansı peyvəndlər, dərmanlar qoruyucudur. Təbii ki, burada öz ölkəmizi də, başqa ölkələri də qınaya bilmərik. Mənim yeganə narazılığım ÜST-ə və dünya liderliyinə iddiası olan BMT-nin 5 üzvü və onu monopoliyaya alan ölkələrədir.
 
Vaksini siyasətə çeviriblər, koronavirusu bir siyasi oyuna çeviriblər, bunun da nəticəsində hələ də effektiv müalicə metodu tapmayıblar. Hesab edirəm ki, ÜST səmimi şəkildə istəsə idi, bunun qarşısını ala bilərdi. Amma belə görünür ki, orada da siyasətlə məşğuldurlar. Çünki onlar da bir çox qlobal əczaçılıq təşkilatlarının əsirinə çeviriblər. Bəlkə də koronavirus bəlasının nə olduğu və onun müalicə üsulları bir çox əczaçılıq şirkətlərinə, bir çox alimlərə məlumdur. Amma onlar bunun sirrini tam açmır. Səbəb də odur ki, bunun üzərindən milyardlarla vəsait qazanırlar. Belə olmasa idi, peyvəndi siyasətə çevirməzdilər”.

Deputat qeyd edib ki, o, dördüncü doza peyvənd vurdurmağa hazırlaşır:

"Bütün bunlara baxmayaraq, bu gün ən normal metod vaksin vurdurmaqdır. Məsələn, mən artıq bu siyasətin qurbanı olmamaq üçün üçüncü doza peyvəndi vurdurmuşam və dördüncü peyvəndi də - "Pfizer”i vurduracam. Çünki peyvənd vurduranlar daha yüngül keçirir və ölüm riski olmur. Bu baxımdan vətəndaşlarımızı da hələ ki, mövcud olan vaksinlərdən istifadə etməyə səsləyirəm. Ən azından həyatlarını qorusunlar, yoluxsalar da yüngül keçirsinlər”
 
Aydın Nuri

OXŞAR XƏBƏRLƏR