“Valideynlər dövlətin qəbul etdiyi qərarlara hörmətlə yanaşmalıdırlar”

“Valideynlər dövlətin qəbul etdiyi qərarlara hörmətlə yanaşmalıdırlar”
SOSİAL
14:32 11.10.2026
210
Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli qərarı ilə dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim forması ilə bağlı tələblər dəqiqləşdirilib.

Yeni qaydalara əsasən, müəyyən olunmuş məktəbli formasının vahidliyini pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərindən istifadəyə icazə verilməyəcək. Şagirdlərin bu tələblərə əməl etməsinə nəzarət məktəblərin Pedaqoji Şuralarına həvalə olunub, valideynlər isə övladlarının qaydalara uyğun geyinməsini təmin etməlidirlər.

Fəlsəfə və Sosiologiya İnstitutunun Davamlı İnkişafın fəlsəfəsi və sosiologiyası şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Şölət Zeynalov AZXEBER.COM-a açıqlamasında bildirib ki, vahid məktəbli geyim formasına keçidlə bağlı qərardan narahat olmağa əsas yoxdur.

"Azərbaycan dünyəvi dövlətdir. Bu baxımdan, məktəb yaşlı uşaqların orta məktəbə hicabla gəlməsini məqbul hesab etmirəm. Valideynlər bu məsələni düzgün anlamalıdırlar. Çünki bu hal şagirdlər arasında sosial bərabərliyin təmin olunmasında, dərslərin mənimsənilməsində və ünsiyyətin qurulmasında müəyyən çətinliklər yarada bilər. Bu baxımdan, Nazirlər Kabinetinin qəbul etdiyi qərarı məqbul hesab edirəm. Valideynlər də bu qərarı müsbət qarşılamalıdırlar.

Valideynlər öz övladları ilə söhbət etməlidirlər. Eyni zamanda, valideynlərlə məktəb arasında dialoq mühiti yaradılmalıdır. Onlara məsələ izah olunmalı, maarifləndirmə işləri aparılmalıdır.

 

Bu, kimlərinsə yaranmış vəziyyətdən istifadə etməsinə imkan verməməlidir. Məktəblə valideynlər arasında narazılığın artmasına xidmət edən bəzi insanlar var.

Məktəbdə hicab məsələsinə gəlincə, hesab edirəm ki, orta məktəblərə hicabla, müxtəlif aksesuarlarla, eləcə də fərqli geyim əlavələri və açıq-saçıq geyimlərlə gəlmək düzgün deyil. Çünki bu yanaşma dünya praktikasında da mövcuddur.

Hər kəs dövlətin qəbul etdiyi qərarlara hörmətlə yanaşmağa borcludur”, – deyə Şölət Zeynalov qeyd edib.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR