Azərbaycanda uşaqların sosial şəbəkələrdə qeydiyyatı və platformalardan istifadəsi ilə bağlı yeni hüquqi tələblər müəyyənləşdirilib. Milli Məclis "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna edilən dəyişiklikləri üçüncü oxunuşda qəbul edib.
Yeni qaydalara əsasən, 16 yaşı tamam olmayan şəxslər sosial şəbəkə platformalarında fərdi rəqəmsal hesab yarada bilməyəcəklər. Hansı platformalara bu tələbin şamil ediləcəyi isə müvafiq dövlət qurumu tərəfindən müəyyən ediləcək.
Qanuna görə, platformalar hesab yaradılarkən istifadəçinin yaşını bir neçə mərhələdə yoxlamalıdır. Əvvəlcə şəxs öz yaşını bəyan edəcək, daha sonra həmin məlumat bank kartı, elektron poçt ünvanı və mobil telefon nömrəsi vasitəsilə təsdiqlənəcək. 16-18 yaş arası istifadəçilər üçün isə qanuni nümayəndənin razılığı məcburi olacaq.
Yaşın təsdiqlənməsi məqsədilə provayder istifadəçinin elektron poçt ünvanına və mobil nömrəsinə sorğu göndərə, həmçinin bank kartından simvolik məbləğ çıxaraq sonradan geri qaytara biləcək. Yoxlama nəticəsində istifadəçinin 16 və ya daha yuxarı yaşda olduğu müəyyən edilərsə, hesabın yaradılmasına icazə veriləcək.
Dəyişikliklər valideynlərin nəzarət imkanlarını da genişləndirir. Belə ki, 16-18 yaş arası istifadəçilərin hesablarında göstərilən məzmun, reklamlar və platformadan istifadə saatları qanuni nümayəndə tərəfindən idarə oluna biləcək. Platformalar bunun üçün xüsusi funksiyalar təqdim etməyə borclu olacaq.
Qanun provayderlərə istifadəçilərin yaşını yalnız hesab yaradılarkən deyil, sonradan da izləmək öhdəliyi qoyur. İstifadəçinin davranışı ilə bəyan etdiyi yaş arasında uyğunsuzluq barədə əsaslı şübhə yaranarsa, təkrar yaş yoxlanışı aparılacaq. Yaş tələbinin pozulduğu aşkar edilərsə, həmin hesabın fəaliyyəti dərhal məhdudlaşdırılacaq.
Yeni normalar fərdi məlumatların qorunmasını da nəzərdə tutur. Yaşın yoxlanılması üçün toplanan məlumatlar nə saxlanıla, nə də reklam və digər kommersiya məqsədləri üçün istifadə oluna bilər. Yoxlama başa çatdıqdan sonra bu məlumatlar dərhal silinməlidir.
Bundan başqa, istifadəçinin yetkinlik yaşına çatana qədər paylaşdığı məlumatlar və məzmun onun özünün, yetkinlik yaşına çatmamışsa qanuni nümayəndəsinin, həmçinin səlahiyyətli dövlət qurumunun müraciəti əsasında silinə biləcək. Platformalar müəyyən hallarda bu addımı öz təşəbbüsləri ilə də ata biləcəklər.
Qanun layihəsi sosial şəbəkələrə əlavə təhlükəsizlik öhdəlikləri də qoyur. 16-18 yaş arası uşaqların həyatına, sağlamlığına, cinsi toxunulmazlığına, şərəf və ləyaqətinə təhlükə yaradan məzmunlar aşkar edildikdə, platformalar ən geci 24 saat ərzində müdaxilə etməli və onların yayılmasının qarşısını almalıdır.











































