Vəfat edən Yusif Şükürlü kimdir? - Tərcümeyi-hal

Vəfat edən Yusif Şükürlü kimdir? - Tərcümeyi-hal
SOSİAL
14:44 19.05.2026
610
Xəbər verdiyimiz kimi, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Hacıbala oğlu Şükürlü vəfat edib.

AZXEBER.COM xəbər verir ki, Yusif Şükürlü 2014-cü il oktyabrın 16-da AMEA Rəyasət Heyətinin qərarı ilə Şəki Regional Elmi Mərkəzinə direktor təyin olunmuş və fəaliyyət göstərdiyi müddətdə mərkəzin elmi və təşkilati inkişafına mühüm töhfələr verib.

O, 1975-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnstitutunun aspiranturasına daxil olmuş, eyni zamanda Şəki Regional Elmi Mərkəzində əmək fəaliyyətinə laborant kimi başlamışdır. 1976-cı ildən kiçik elmi işçi kimi fəaliyyət göstərmiş, 1977-ci ildə AMEA Radiasiya Problemləri İnstitutuna köçürülərək 1987-ci ilə qədər burada kiçik elmi işçi vəzifəsində çalışmış, 1987–1990-cı illərdə isə baş elmi işçi olub.

Alim "Fibroinin molekulyar və ifratmolekulyar quruluşuna selenin təsiri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

1990-cı ildən etibarən fəaliyyətini yenidən Şəki Regional Elmi Mərkəzində davam etdirən Yusif Şükürlü uzun illər "Biofizika” laboratoriyasına (hazırkı Ekoloji biofizika şöbəsi) rəhbərlik etmiş, 2025-ci ilədək bu sahədə səmərəli elmi-tədqiqat işləri aparıb.

Yusif Şükürlü 95 elmi əsərin, o cümlədən beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda dərc olunmuş 27 məqalənin müəllifi olub. O, 2 monoqrafiya, 1 dərs vəsaiti və 2 bədii kitabın müəllifi, 1 monoqrafiyanın isə həmmüəllifi idi. Eyni zamanda, 9 şəhadətnamə və 5 patentin müəllifi olub.

Alim həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvü kimi ədəbi yaradıcılıqla da məşğul olub. O, Qara dəniz, Xəzər dənizi və Orta Asiya İpəkçilərinin Assosiasiyasının (BACSA) İdarə Heyətinin üzvü və Azərbaycan üzrə koordinatoru kimi beynəlxalq elmi əməkdaşlıqda fəal iştirak edib.

Yusif Şükürlü Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2025-ci ildə "Tərəqqi” medalı ilə təltif olunub.

AMEA ictimaiyyəti və elmi camiə Yusif Şükürlünün vəfatını böyük itki kimi qiymətləndirir. Onun elmi və təşkilati fəaliyyəti gələcək nəsillər üçün örnək olaraq qalacaq.
OXŞAR XƏBƏRLƏR