‘Vəzifədə qalıb-qalmamağım cənab prezidentin səlahiyyətləri çərçivəsindədir’

‘Vəzifədə qalıb-qalmamağım cənab prezidentin səlahiyyətləri çərçivəsindədir’
Bütün Xəbərlər
18:01 25.01.2013
2324

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov yanvarın 25-də “Media forum” saytının suallarını cavablandırıb.

AZXEBER.COM həmin müsahibəni təqdim edir. - İsmayıllıda tam sakitlikdir. Səhər saatlarında da rayonda sakitlik olub. Bütün idarə-müəssisələr həmişə olduğu kimi adi qaydada işləyir. Hər hansı narazılıq, narahatlıq yaradan məqam yoxdur. Allaha şükür, hər şey qaydasındadır. - Rayon mərkəzində polislər varmı? Bakıdan İsmayıllıya gedən polislər rayondadırmı? - Bəli, rayondadırlar. Məlum səbəblərə görə buradadırlar. Məhkəmənin qərarı olmadığına görə biz hər hansı şəxsə cinayətkar deyə bilmərik, amma bir sıra hüquq pozan, asayişi pozan adamların qarşısını almaq üçün polis nəzarəti olmalıdır. Çünki bu adamlar bu qədər bina yandırıblar, adi bir hərəkətə qeyri-adekvat reaksiya veriblər. Bəli, polis alayı rayon mərkəzindədir. - Rayon mərkəzi neçə gün polis nəzarətində olacaq? - Bizdə belə bir məlumat yoxdur. Onlar bizə tabe deyillər. Polislərin, asayişi qoruyan qüvvələrin özlərinin tabe olduğu rəhbərlik var. Güman ki, ictimai asayiş tam bərpa olunanadək İsmayıllıda qalacaqlar. Sabitlik nə vaxt bərpa olarsa, yəqin ki, onda rayonu tərk edərlər. - Bəs bu gün yenidən aksiya olacağı gözlənilirmi? - Bu rayonda aksiyanın olacağı haqda heç bir məlumat yoxdur. Yanvarın 24-də aksiyanın olacağına dair əvvəldən məlumatımız vardı. Bu gün hələ ki, belə bir məlumat yoxdur. Bizə narahatlıq yaradan hər hansı məlumat daxil olmayıb. - Amma bir qədər əvvəl daha bir məlumat yayılıb ki, yanvarın 25-i axşam icra hakimiyyətinin binası qarşısında aksiya olacaq. - Bizdə belə bir məlumat yoxdur. - Bu gün axşam, ya da sabah prezident İlham Əliyevin İsmayıllı rayonuna səfər edəcəyinə dair qeyri-rəsmi məlumat yayılıb. Belə bir səfər gözlənilirmi? - Xeyr, bizdə elə bir məlumat yoxdur. - Son iki gündə dövlət və hökumət rəhbərlərindən kimlər olub İsmayıllı rayonunda? - Rəsmi şəxsləri deyirsinizsə, ancaq polis orqanlarının rəhbərləri var, başqa rəsmi şəxs yoxdur. - Nizami müəllim, bu hadisələrin niyə baş verdiyi məlumdur, bunu açıqlamısınız. Bəs aksiyaların əsas təşkilatçıları kimlərdir? Siz qeyd etmişdiniz ki, hansısa qüvvələr var. Bu qüvvələrin kimliyi məlumdurmu? - Yanvarın 24-də bir sıra həbslər olub, hazırda istintaq gedir. Amma hiss olunur ki, 150-200 nəfər gənci istiqamətləndirən, bu hadisələrə təhrik edənlər var. - İğtişaşlar zamanı otel yandırılıb, sizin evə hücum olub. Sizcə, polis bu hadisələrin qarşısını ala bilərdimi? Polisin bu proseslərdə rolunu necə qiymətləndirirsiniz? - Polisin işinə qiyməti onların rəhbərliyi verə bilər. Bəlkə də onlar durumu gərginləşdirmək istəməyiblər. İstəyiblər ki, vəziyyət stabilləşsin. Daha çox danışıq yolu ilə, sakitləşmə yolu ilə asayişi qorumağa çalışıblar. - Rayon ictimaiyyətinin nümayəndələri, yaxud bu aksiyalara təsiri ola biləcək şəxslərlə, ağsaqqallarla görüşmüsünüzmü? - Ağsaqqllarla daim görüşürük. Dünən də, bu gün də burda idilər. Aksiyanın iştirakçılarından, təşkilatçılarından heç bir müraciət daxil olmayıb. Onların görüşmək haqqında təşəbbüsü olmayıb. Ona görə də aksiya iştirakçıları ilə görüş olmayıb. Mən kiminlə görüşüm? 20-25 nəfər səpələniblər küçələrə, fit verirlər, hay-küy salırlar. Heç bir müraciət olmayıb, öz tələblərini səsləndirməyiblər, sözlərini deməyiblər. Amma nə istədikləri bilinmir. Gəlib tələblərini irəli sürmək, sözlərini demək, fikirlərini bildirmək məsələsi yoxdur. - Aksiyalar siyasi tələblidir, sosial partlayışdır? Sizin rayonun iqtisadi-siyasi durumu necədir? Belə görünür ki, bu aksiyalarda sosial məsələlər önə çıxır. - Bu hadisələrin başlanğıcı kriminal hadisə olub. Sonradan da hadisələr kriminal istiqamətdə davam edib. Hadisələrin sosial tələblərlə bağlı olmasını deyə bilmərəm. Digər jurnalistlər də bunu soruşublar. Amma elə bir əsaslı sosial tələblər də irəli sürülmür, bunu görmürük, eşitməmişik. Daha çox məişət tələbləri irəli sürülür, bu xarakterli problemlər qabardılır. Düzdür, nəsə deyirlər, amma onlar adi, hər yerdə olan problemlərdir. Yenə deyirəm: əsaslı bir tələb yoxdur axı. Onların səsləndirdiyi adi məişət problemləridir, çoxu isə uydurmadır, həqiqətə uyğun olmayan sözlərdir. - Aksiyanı keçirənlərlə dialoq ola bilərmi? - Dialoqa, müzakirəyə həmişə hazırıq. Mən camaatla görüşməkdən heç vaxt çəkinməmişəm. Nə sözləri varsa, gəlib deyə bilərlər. Eyni zamanda onların nümayəndə heyətləri varsa, onlar buyurub gəlsinlər, sözlərini desinlər. - Hadisələr zamanı neçə nəfər yaralanıb? Neçə adam həbs olunub? İğtişaşlar zamanı ölənlər varmı? - Həbs olunanların sayını dəqiq deyə bilmərəm. Bəziləri saxlanılandan sonra cərimə edilərək azadlığa buraxılır. Bəzi gənclərin valideynləri dəvət edilir və onlarla söhbət aparılır, vəziyyət onlara izah olunur ki, uşaqlarını qanunun pozulmasından çəkindirsinlər. Buna görə də tam saxlanılanlar haqqında dəqiq nəsə desəm, səhv edərəm. Təxmini 50-60 nəfər saxlanılan olub və hələ onlardan yenə də buraxılan olacaq. Ölənlərlə bağlı deyilən uydurmadır, ölən yoxdur. Xəsarət alanlar isə var. - Rayonda baş verən hadisələr sizin vəzifənizi itirmənizə səbəb ola bilərmi? - Hesab edirəm ki, rayon icra hakimiyyəti rəhbərliyi öz vəzifəsini layiqincə yerinə yetirir. Yenə də vurğulayıram ki, bu hadisələr məişət zəminində başlayan məsələdir. Hadisələr rayon icra hakimiyyətinin fəaliyyəti ilə birbaşa olaraq başlamayıb. Təbii, siz özünüz də gördünüz ki, insident zamanı ora toplaşan əhali daha çox idi. Amma səhəri gün meydana toplaşanların sayı maksimum 100-150 nəfər idi. O ki qaldı mənim işimə, bu vəzifədə qalıb-qalmamağım barədə qərar vermək cənab prezidentin səlahiyyətləri çərçivəsindədir.

OXŞAR XƏBƏRLƏR