Vəzifəli şəxslərin gəlirləri və maliyyə şəffaflığı məsələsi hər zaman cəmiyyətin diqqətində olan mövzulardan biridir.
Deputat, dövlət qurumlarının rəhbərləri və digər vəzifəli şəxslərin gəlirlərinin həcmi, eləcə də bəzi hallarda onların gəlirləri ilə həyat tərzi və xərcləri arasında müşahidə olunan uyğunsuzluqlar ictimai müzakirələrə səbəb olur.
Xatırladaq ki, 24 iyun 2005-ci il tarixində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilən "Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi haqqında” qanun Prezidentin təsdiqi ilə qüvvəyə minib.
Qanun dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılması, həmçinin vəzifəli şəxslərin maliyyə xarakterli məlumatlarının təqdim edilməsini nəzərdə tutur. Lakin qanunun qəbulundan 20 ildən artıq vaxt keçməsinə baxmayaraq, burada nəzərdə tutulan maliyyə bəyannaməsi forması bu günədək təsdiqlənməyib.

Milli Məclisin deputatı Fazil Mustafa AZXEBER.COM-a açıqlamasında deyib ki, qanunun tətbiqi üçün müvafiq mexanizmin müəyyənləşdirilməsinə ehtiyac var:
"Əlbəttə, hər bir qanunun işləmə mexanizmi müəyyən olmalıdır. Bu mexanizm müəyyən olunmadığına görə hələlik bu barədə qanunun tətbiqi ilə bağlı problemlər qalmaqdadır. Bunun mütləq hər bir qanunun müəyyən proseduru formalaşmalı, dəqiq müəyyənləşməlidir. Çünki bu bəyannamə və forması hökumət tərəfindən hazırlanıb təqdim olunmalıdır. Hələ ki bu istiqamətdə bir təqdimat olmadığına görə qanunun işləməsi müəyyən müddətdə hələ reallaşa bilməyib”.

Milli Məclisin deputatı Razi Nurullayev isə bildirib ki, hazırda məsələ ilə bağlı konkret müzakirədən xəbəri yoxdur:
"Bildiyim qədərilə, bu məsələ ilə bağlı hazırda Milli Məclisin gündəliyində hər hansı qanun layihəsi yer almayıb. Maliyyə bəyannaməsi formasının təsdiqi və tətbiqi ilə bağlı yeni müzakirə və ya təşəbbüs barədə də məlumatım yoxdur. Ona görə prosesin ləngiməsinin səbəbləri və növbəti addımlarla bağlı konkret fikir söyləmək çətindir.”

Millət vəkili Ceyhun Məmmədov isə məsələnin dövlət qurumlarında aparılan islahatlar çərçivəsində yenidən gündəmə gələcəyini bildirib:
"Hesab edirəm ki, burada məsələ ondadır ki, bu gün ümumiyyətlə dövlət strukturunda, dövlət qurumlarında islahatlar həyata keçirilməkdədir. Bu gün bilirsiniz ki, bir sıra dövlət qurumlarında ardıcıl, məqsədyönlü islahatlar dövlət tərəfindən həyata keçirilməkdədir və bu gün maliyyə şəffaflığının təmin olunması, hesabatlılığın tam həll tapması istiqamətində dövlətimiz tərəfindən ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Bu gün Milli Məclisin gündəliyində çox məsələlər var. Və bu məsələlər dövlətimiz tərəfindən daim diqqətdə saxlanılır. Təbii ki, qaldırdığımız məsələdə, hesab edirəm ki, digər məsələlər kimi, bu məsələyə də gələcəkdə yenidən baxılacaq və bu istiqamətdə müəyyən addımların atılmasının şahidi olacağıq”.
Fəridə Əsədzadə












































