VIII Qurultay Azərbaycanın yeni inkişaf mərhələsinin prioritetlərini müəyyənləşdirdi

VIII Qurultay Azərbaycanın yeni inkişaf mərhələsinin prioritetlərini müəyyənləşdirdi
SİYASƏT
11:09 06.10.2026
106
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin 2 oktyabr 2026-cı il tarixində YAP-ın VIII Qurultayında çıxışı ölkənin son illərdə keçdiyi inkişaf yolunun qiymətləndirilməsi və qarşıdakı strateji vəzifələrin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Qurultayın əsas xüsusiyyətlərindən biri onun Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra yeni ictimai-siyasi və geosiyasi şəraitdə keçirilməsidir. Çıxışda həm əldə olunan nəticələr, həm də yeni mərhələdə qarşıda duran vəzifələr geniş şəkildə diqqətə çatdırılıb.

Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi Zəfər və 2023-cü il sentyabrın 20-də ərazi bütövlüyünün və suverenliyin tam bərpası ölkənin müasir tarixində mühüm mərhələ kimi qiymətləndirilir. Bu proses həm də Azərbaycanın regiondakı mövqeyinin dəyişməsinə və yeni geosiyasi reallıqların formalaşmasına səbəb olub.

Qurultayda Yeni Azərbaycan Partiyasının ölkənin dövlətçilik tarixindəki roluna da xüsusi diqqət ayrılıb. 1992-ci ildə Naxçıvanda yaradılan YAP həmin dövrdə Azərbaycanın üzləşdiyi mürəkkəb siyasi, iqtisadi və hərbi şərait fonunda meydana çıxıb. Partiyanın formalaşması sabitlik, milli birlik və güclü dövlətçilik ideyalarının ön plana çıxması ilə müşayiət olunub.

Çıxışda Ulu Öndər Heydər Əliyevin siyasi irsi də xüsusi yer tutub. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə dövlət idarəçiliyində sabitliyin və ardıcıl inkişafın əsası qoyulub. Müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik və güclü hərbi potensial kimi prinsiplər sonrakı inkişaf strategiyasının əsas istiqamətlərindən birinə çevrilib.

1993–2003-cü illərdə Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, iqtisadiyyatın bərpası və xarici investisiyaların cəlb edilməsi istiqamətində mühüm addımlar atılıb. "Əsrin kontraktı”nın imzalanması isə ölkənin iqtisadi inkişafında yeni mərhələnin başlanmasına şərait yaradıb.

Bu siyasət sonrakı dövrdə də yeni məzmun qazanıb. Azərbaycanın iqtisadi və hərbi potensialının artırılması, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, enerji və nəqliyyat layihələrinin genişləndirilməsi ölkənin qarşısında duran əsas istiqamətlər sırasında yer alıb.

Qarşıdakı dövr üçün mühüm vəzifələrdən biri hərbi gücün daha da artırılmasıdır. Dünyada və regionda davam edən proseslər təhlükəsizlik məsələlərinin daim diqqət mərkəzində saxlanılmasını tələb edir. Bu baxımdan Azərbaycanın müdafiə qabiliyyətinin və təhlükəsizlik potensialının gücləndirilməsi strateji əhəmiyyət daşıyır.

Müasir dövrdə təhlükəsizlik anlayışı yalnız hərbi güclə məhdudlaşmır. İnternet, sosial şəbəkələr və süni intellektin geniş yayıldığı bir şəraitdə ideoloji təhlükəsizlik də xüsusi əhəmiyyət kəsb edir. Cəmiyyətin maarifləndirilməsi, gənc nəslin düzgün məlumatlandırılması və informasiya mühitində real faktların önə çıxarılması bu istiqamətdə əsas amillərdən biridir.

Qurultayda Azərbaycanın beynəlxalq əlaqələri və xarici siyasət istiqamətləri də diqqət mərkəzində olub. İslam həmrəyliyinin gücləndirilməsi, İslam Əməkdaşlıq Təşkilatı və D-8 çərçivəsində əməkdaşlıq, eyni zamanda Avropa dövlətləri, Çin və ABŞ-la tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi Azərbaycanın beynəlxalq siyasətinin mühüm istiqamətləri kimi təqdim edilib.

Sosial-iqtisadi məsələlər də yeni mərhələnin əsas prioritetləri sırasında yer alıb. Əhalinin sosial rifahının yüksəldilməsi, iqtisadi inkişafın davam etdirilməsi, investisiyaların cəlb olunması və maliyyə sabitliyinin qorunması qarşıdakı dövr üçün mühüm vəzifələrdir.

Azərbaycanın enerji potensialı da ölkənin iqtisadi və geosiyasi imkanlarının əsas istiqamətlərindən biri olaraq qalır. Neft, neft məhsulları, təbii qaz, elektrik enerjisi, neft-kimya məhsulları və gübrə istehsalı və ixracı ölkənin enerji sahəsində imkanlarının genişliyini göstərir.

Nəqliyyat və tranzit imkanlarının genişləndirilməsi də Azərbaycanın gələcək inkişaf perspektivlərində xüsusi yer tutur. Orta Dəhliz və Şimal-Cənub Dəhlizi kimi layihələrdən səmərəli istifadə ölkənin tranzit imkanlarının artırılmasına, yeni iş yerlərinin yaradılmasına və regional əhəmiyyətinin güclənməsinə şərait yarada bilər.

Qarabağ və Şərqi Zəngəzurun bərpası isə qarşıdakı dövrün əsas vəzifələrindən biri olaraq qalır. Bu ərazilərdə genişmiqyaslı quruculuq işlərinin aparılması, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışının təmin edilməsi və "Böyük Qayıdış” proqramının sürətləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Ümumilikdə, YAP-ın VIII Qurultayında səsləndirilən fikirlər Azərbaycanın yeni tarixi mərhələdə qarşısında duran əsas strateji istiqamətləri ortaya qoyur. Ərazi bütövlüyü və suverenliyin bərpasından sonra əsas hədəflər sırasında təhlükəsizliyin gücləndirilməsi, iqtisadi inkişafın davam etdirilməsi, sosial rifahın yüksəldilməsi, beynəlxalq mövqelərin möhkəmləndirilməsi, ideoloji təhlükəsizliyin təmin olunması və Qarabağla Şərqi Zəngəzurun bərpasının sürətləndirilməsi dayanır.

Bu baxımdan VIII Qurultay yalnız görülmüş işlərin qiymətləndirilməsi deyil, həm də Azərbaycanın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli siyasi hadisə kimi xarakterizə olunur.

Nizami Novruzov – texnika üzrə fəlsəfə doktoru
OXŞAR XƏBƏRLƏR