"Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri Azərbaycanın xarici siyasətinin Asiya istiqamətində genişlənməsi, yeni iqtisadi tərəfdaşlıqların qurulması və beynəlxalq əməkdaşlıq imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında politoloq Tural İsmayılov bildirib.
Politoloq qeyd edib ki, Azərbaycan-Vyetnam münasibətləri yalnız diplomatik əlaqələrlə məhdudlaşmır, siyasi, iqtisadi və humanitar sahələrdə daha geniş əməkdaşlıq potensialına malikdir:
"Azərbaycanın xarici siyasətində Asiya dövlətləri ilə münasibətlərin inkişafı xüsusi yer tutur. Müasir beynəlxalq münasibətlər sistemində güc mərkəzlərinin çoxalması və iqtisadi əlaqələrin müxtəlif regionlar üzrə genişlənməsi dövlətlərdən daha çevik və çoxşaxəli diplomatiya tələb edir. Vyetnamla əlaqələrin möhkəmləndirilməsi də Azərbaycanın bu strategiyasının mühüm istiqamətlərindən biridir.
Azərbaycan və Vyetnam müxtəlif coğrafi regionlarda yerləşsələr də, milli maraqların qorunması, müstəqil xarici siyasətin həyata keçirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından ortaq maraqlara malikdirlər. Azərbaycanın Cənubi Qafqazda, Vyetnamın isə Cənub-Şərqi Asiyada artan siyasi və iqtisadi çəkisi münasibətlərin daha geniş strateji çərçivədə inkişafına imkan yaradır”.
Onun sözlərinə görə, səfərin əsas istiqamətlərindən biri iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsidir:
"2025-ci ildə Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsinin 150 milyon dolları ötməsi münasibətlərdə müəyyən iqtisadi dinamikanın formalaşdığını göstərir. Lakin bu göstərici iki ölkənin mövcud potensialını tam əks etdirmir. Azərbaycanın enerji resursları, sənaye infrastrukturu və tranzit imkanları, Vyetnamın isə istehsal, texnologiya, elektronika və kənd təsərrüfatı sahələrindəki təcrübəsi qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanlar yaradır. Xüsusilə SOCAR ilə Vyetnamın PetroVietnam şirkəti arasında əməkdaşlığın genişləndirilməsi diqqətəlayiq istiqamətlərdəndir. Neft-qaz yataqlarının kəşfiyyatı, hasilat, emal, texniki xidmətlər və mütəxəssis hazırlığı sahələrində birgə fəaliyyət konkret iqtisadi nəticələrə gətirib çıxara bilər. Bununla yanaşı, bərpaolunan enerji sahəsində də əməkdaşlıq imkanları mövcuddur”.
Tural İsmayılov vurğulayıb ki, nəqliyyat və logistika sahəsində əməkdaşlıq Azərbaycanın strateji mövqeyinin gücləndirilməsi baxımından əhəmiyyətlidir:
"Azərbaycan Orta Dəhlizin əsas iştirakçılarından biridir. Vyetnam isə Cənub-Şərqi Asiyanın mühüm istehsal və ixrac mərkəzlərindən hesab olunur. Bu iki ölkənin iqtisadi və logistika imkanlarının uzlaşdırılması Vyetnam məhsullarının Azərbaycan üzərindən Avropa bazarlarına çatdırılması üçün yeni perspektivlər aça bilər. Eyni zamanda, Azərbaycanın tranzit imkanlarından daha səmərəli istifadə olunması ölkəmizin beynəlxalq nəqliyyat sistemindəki mövqeyini möhkəmləndirə bilər. Vyetnamın ASEAN bazarındakı mövqeyi də Azərbaycan şirkətləri üçün Cənub-Şərqi Asiyaya çıxış baxımından əlavə imkanlar yaradır. Bu baxımdan səfər çərçivəsində nəqliyyat-logistika əlaqələrinin inkişafı xüsusi diqqət tələb edən məsələlərdəndir”.
Politoloq əlavə edib ki, investisiya, təhsil və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi də münasibətlərin gələcək inkişafına töhfə verə bilər:
"Vyetnam şirkətlərinin Azərbaycanın infrastruktur, tikinti, energetika və sənaye layihələrinə marağının artması xarici investisiyaların cəlbi baxımından əhəmiyyətlidir. Azərbaycan şirkətləri də Vyetnamın istehsal imkanlarından və geniş regional bazarından faydalana bilərlər. Əsas məsələ siyasi səviyyədə əldə olunan razılaşmaların biznes dairələri arasında davamlı əlaqələrə və konkret investisiya layihələrinə çevrilməsidir. Bununla yanaşı, təhsil, elm, mədəniyyət, turizm və gənclər arasında mübadilə proqramlarının genişləndirilməsi də vacibdir. İki xalq arasında uzun illərə söykənən tarixi dostluq münasibətləri mövcuddur. Ulu öndər Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri və Ho Şi Minin 1959-cu ildə Bakıda olması bu əlaqələrin tarixi əsaslarını təşkil edir. Həmin ənənələrin müasir dövrdə yeni əməkdaşlıq layihələri ilə davam etdirilməsi münasibətlərə əlavə məzmun qazandıra bilər”.
Tural İsmayılovun fikrincə, səfərin beynəlxalq siyasi müstəvidə də əhəmiyyətli nəticələri ola bilər:
"Vyetnam Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstək nümayiş etdirmiş ölkələrdəndir. BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda iki dövlətin əməkdaşlığı qarşılıqlı siyasi dəstəyin davam etdirilməsi baxımından əhəmiyyətlidir. Bu münasibətlərin inkişafı Azərbaycanın beynəlxalq tərəfdaşlıq əlaqələrinin coğrafiyasını genişləndirməsinə xidmət edir. Ümumilikdə, Prezident İlham Əliyevin Vyetnama səfərini iki ölkə arasında strateji tərəfdaşlığın yeni imkanlarının reallaşdırılması baxımından qiymətləndirmək olar. 2025-ci ildə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi siyasi iradənin göstəricisidir. İndi əsas məsələ bu siyasi iradənin iqtisadi, texnoloji, humanitar və institusional əməkdaşlıq mexanizmləri vasitəsilə konkret nəticələrə çevrilməsidir. Azərbaycan artıq müxtəlif coğrafiyalar arasında iqtisadi və siyasi əlaqələrin qurulmasında daha fəal rol oynamağa çalışır. Vyetnamla münasibətlərin inkişafı da bu strategiyanın mühüm istiqamətlərindən biri ola bilər”, – deyə politoloq bildirib.
Fəridə Əsədzadə










































