2010-cu ilin noyabrında keçirilən parlament seçkilərindən sonra jurnalistlərin ciddi cəhdlə axtarıb tapa bilmədiyi Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri(ADMP), seçkilərdə ölkə prezidentinin vəkili olmuş Elşən Musayev nəhayətki bu sükutu pozub. Müxalifətə qarşı kəskin mövqeyi ilə fərqlənən E.Musayev Qaynar.info-ya açıqlamasında son zamanlar gündəmi zəbt edən bəzi siyasi olaylarla bağlı fikirlərini açıqlayıb.
“Vikiliks” saytında Azərbaycanla bağlı yayılan sənədlərə münasibət bildirən partiya sədri bu saytın son zamanlar açıqladığı informasiyaların hətta bu qədər ciddi müzakirəyə belə layiq olmadığını bildirib:“”Vikiliks”də yayılan məlumatları qoca qarıların təndir başında etdiyi dedi-qodulara müqayisə etmək olar. Artıq bu saytın məlumatları nüfuzlu siyasi dairələr tərəfindən ciddiyə alınmır və bu məlumatlar Azərbaycandakı bəzi “reket” nəşrlərin yaydığı informasiyalardan heç nə ilə fərqlənmir. “Vikiliks”in ölkəmizlə bağlı yaydığı və “sənəd” adı verilən bu informasiyalar dəfələrlə müvafiq şəxslər tərəfindən konkret faktlarla təkzib olunsa da, sayt bu tipli məlumatları yaymaqda davam edir. Əslində bu kifayət qədər təbiidir. Çünki artıq “Vikiliks” bəzi beynəlxalq dairələrin əlində onların demək istədiklərini və arzuladıqlarını ifadə etmək üçün rupor rolunu oynayır. Məncə belə təyinatlı bir saytın informasiyalarını bu qədər ciddiyə almağa dəyməz. Üstəgəl, mən “Vikiliks”i hər zaman “Wiskas”-a bənzətmişəm. Bunların biri pişik yeməyidir, digəri isə pişik təfəkkürlü insanları inandırmağa hesablanmış informasiya məkani. “.
Elşən Musayev İctimai Palatanın qəbul etdiyi “Demokratiyaya yumşaq keçidin Yol xəritəsi” sənədlə bağlı da danışıb: “Tamamən absurd bir ideyadır: təsəvvür edin, bu iqtidar demokratik bir quruluşun, cəmiyyətin mövcudluğunu söyləyir, müxalifət isə demokratiyaya gedən yol haqqında müzakirələrə opponentləri olan həmin iqtidarı dəvət edir. Bu hansı məntiqə sığır? İqtidar öz siyasətini inkarmı etsin? Nə yol xəritəsi? Hansı yol xəritəsi?Bu təxəyyülün eynən evdə qalıb qarımış qızın fantazyor təxəyyülündən nə fərqi var? Məncə, yaxşı olar ki,onlar demokratiyaya gedən yolun deyil, məğlubiyyətə, uğursuzluqa gedın yolun xəritəsin hazırlasınlar.
Bir insanı gənc yaşında müxalifətə gətirib, elə müxalifətdəcə pensiya yaşına çatdırmaq kimi sirri yalnız özlərinə bəlli olan unikal ideyaların nəzəriyələrini cəmiyyətlə bölüşsünlər. Bir “dubinka”dan qorxub, qadınları, uşaqları önə buraxmağın,”hamının adamı” olmağın yollarından bəhs etsinlər. Bu həm də mövcud təyinatlarına uyğun olar. Oysa ki, 500 nəfərlik təşkilatda normal siyasi mühiti yarada bilməyənlərin bu millətə demokratiya dərsi keçmə haqqı çoxdan bitmişdir. Camaatın 2 ilə qət etdiyi yolu 20 ilə gəlib çıxa bilməyənlər lütfən girdikləri yalnış yolların dalanlarındakı xatirələri özlərinə saxlasınlar. Bu adamlar ömrü boyu Bakıdan Sumqayıta “çerez” Gədəbəy gedən adamlardır.Yəni hər şeyləri tərsə-məssəf, kəllə-mayallaq fəlsəfəyə köklənib.
İctimai Palatanın özü də guya Milli Məclisə alternativ yaradılmışdı. Məktəb yaşında uşaqlar həyətdə, məhlədə “müəllim-tələbə”, “həkim-xəstə” oyunu oynadıqları kimi, ya da bir zamanlar “Kurtlar Vadisi”serialının məhşur vaxtlarında Bakıda Polat Alemdarlar, Mematilər peyda olan kimi, bunlar da hərəsi özünə bir vəzifə, obraz, təxəllüs götürüb “geydirmə” təyinatla vəzifələndiriliblər.Bu iqtidar, bu hakimiyyət nə gözə gəlimli bir təşkilat yaratdırsa, 10 gündən sonra onun dublikatını,”kitayski variantı”nı müxalifətimiz peydahlayır. Hətta bunlar bir gün Azərbaycanın da alternativini yaratsalar qətiyyən heyrət etmərəm…”
Elşən Musayev sonda müxalifətə səslənməyi də unutmadı:“Yaxşı olar ki, gedib Rəsul Quliyevdən örnək götürsünlər. Bu adam nəhayət ki, əsl özünə aid işi tapıb, siyasi detektiv yazır. Əgər Rəsul müəllim yazıb-yaratma sahəsini hələ öz inhisarına almayıbsa, təklif edirəm ki, radikal müxalifətin liderlərini də yanına dəvət eləsin və nağıl sektorunu versin bunlara.Vallah-billah 20 ildir bizə qırıldatıqlarını səhifələrə həkk etsələr,dünyanın ağzı sevincdən, heyrətdən əyri qalar”.