Xanhüseyn Kazımlı Biləsuvar sakinlərinin qəzəbinə səbəb oldu

Xanhüseyn Kazımlı Biləsuvar sakinlərinin qəzəbinə səbəb oldu
Bütün Xəbərlər
17:01 20.06.2013
3868

Biləsuvar rayonunun Ovçubərə kəndindən olan seçicilər 66 saylı Biləsuvar seçki dairəsindən deputat olan Xanhüseyn Kazımlının «fəaliyyətindən» gileylidirlər.

Redaksiyamıza Ovçubərə sakinləri adından daxil olan müraciətdə bildirilir ki, Xanhüseyn Kazımlı bu günə qədər onların heç bir problemləri ilə maraqlanmayıb.Əksinə onların problemlərini daha da dərinləşdirən addımlar atıb.

Seçicilər bildirirlər ki, Xanhüseyn Kazımlı deputat olduğu 13 il müddətində onların heç bir şikayətlərinə məhəl qoymayıb. Bunun əvəzinə isə haqqında cinayət işi açılmış əlaltısını bütün vasitələrlə müdafiə edib və müdafiə etməkdə davam edir.

Müraciətdə göstərilir ki, kənd sakinləri uzun müddətdir ki, Ovçubərə kənd ərazi nümayəndəsi Ağəddin Mikayılovun zülmündən və özbaşınalıqlarından cana doyub. Qeyd olunur ki, Ağəddin Mikayılovun özbaşınalıqları və cinayət xarakterli əməlləri ilə bağlı kənd sakinləri uzun müddət Biləsuvar İcra Hakimiyyətinin başçısı Mahir Quliyevə, deputat Xanhüseyn Kazımlıya, o cüməldən hüquq-mühafizə orqanları başda olmaqla müxtəlif dövlət qurumlarına dəfələrlə şikayətlər etsələr də, Xanhüseyn Kazımlının səyləri nəticəsində heç kim Ovçubərə kəndini orta əsrlərin feodal qaydarı ilə idarə edən Ağəddin Mikayılova gözün üstə qaşın var demir.

Ancaq uzun şikayətlərdən sonra axır ki, Baş prokurorluqdan onların səsini eşidiblər. Baş Prokurorluğa edilən şikayətlərdən sonra Ağəddin Mikayılov haqqında dələduzluq və korrupsiya faktları ilə bağlı bir müddət əvvəl cinayət işi açılıb. Lakin buna baxmayaraq haqqında cinayət işi açılmış şəxs icra nümayəndəsi olaraq çalışmaqda və Ovçubərə kəndini öz feodal qanunları ilə idarə etməkdə davam edir. Bunun səbəbi isə çox açıqdır. Millət vəkili Xanhüseyn Kazımlının himayəsində olan Ağəddin Mikayılov törətdiyi əməllərə görə cəzasız qalacağına əmindir.

Seçicilər bildirirlər ki, əsil işi seçicilərinin pozulmuş hüququnu müdafiə etmək olan millət vəkili Xanhüseyn Kazımlı ən adi qaydaları bir kənara ataraq açıq şəkildə Ovçubərə kənd sakinlərinin hüquqlarını pozmaq üçün bütün səylərini ortaya qoyub. Belə ki, müraciətdə göstərilir ki, Xanhüseyn Kazımlı Ovçubərə kəndinin seçicilərinin adından ona verilən mandatından və əlaqələrindən istifadə edərək Ağəddin Mikayılov haqqında açılmış cinayət işinin xətm olunması üçün müxtəlif instansiyalara müraciət edir və bu zaman millət vəkili olaraq bəzi hüquq-mühafizə orqanlarına öz mandatı vasitəsi ilə təsir göstərməyə çalışır. Ovçubərə kənd sakinləri bunu millət vəkilinin onlara qarşı sayğısızlığı kimi dəyərləndirir və bunu bir deputata yaraşmayan hərəkət olaraq qiymətləndirirlər.

Qeyd edək ki, bir müddət əvvəl ölkə mətbuatında davamlı olaraq Ovçubərə kənd sakinlərinin Ağəddin Mikayılov haqqında şikayətləri dərs olunurdu. Bundan sonra icra başçısının birinci müavini Akif Kazımov Ovçubərə kəndinə gələrək icra başçısı Mahir Quliyevin adından yaxın zamanlarda Ağəddin Mikayılovun vəzifədən alınacağı ilə bağlı kənd sakinlərinə söz versə də, həmin söz sonradan unuduldu. Bu yaxınlarda Ovçubərə kənd sakinlərinin Baş Prokurorluğa etdikləri şikayət əsasında Ağəddin Mikayılov haqqında cinayət işi açılıb və istintaq araşdırması aparılır.

Xatırladaq ki, Ovçubərə kəndinin sakinləri Ağəddin Mikayılovu insan qətlindən tutmuş, bir çox korupsiya və özbaşınalıqda ittiham edirdilər. Kənd sakinlərinin ittihamlarına Ağəddin Mikayılov dəfələrlə: "Mən bu pulları icra başçısına və Akif müəllimə verirəm. Sözünüz varsa, gedin onlara deyin", deyə cavab vermişdi. Həmçinin Ağəddin Mikayılov Ovçubərə kəndində azan verilməsini qadağan etmiş və məscidin yaxınlığıdan çayxana-kafe açmışdı.

Bizim dövr

OXŞAR XƏBƏRLƏR