Xaricdə təhsil adı ilə belə aldadırlar: Tələbələr və valideynlər üçün kritik xəbərdarlıq

Xaricdə təhsil adı ilə belə aldadırlar: Tələbələr və valideynlər üçün kritik xəbərdarlıq
SOSİAL
15:21 21.07.2026
513

Son illər xaricdə təhsil almaq istəyən azərbaycanlı gənclərin sayı artdıqca, bu sahədə fəaliyyət göstərən vasitəçi şirkətlərin də sayı çoxalıb. Bir çox abituriyent və tələbə qəbul, sənədləşmə, viza və yerləşdirmə prosesində peşəkar dəstək almaq üçün bu şirkətlərin xidmətlərindən yararlanır.

Lakin son vaxtlar bəzi xaricdə təhsil şirkətləri ilə bağlı yaranan narazılıqlar, maliyyə mübahisələri və fəaliyyətlərinin dayandırılması halları bu sahədə etibarlılıq məsələsini yenidən gündəmə gətirib.

Bəzi vətəndaşlar ödəniş etmələrinə baxmayaraq vəd edilən xidmətləri ala bilmədiklərini, digərləri isə natamam məlumatlandırma və hüquqi problemlərlə üzləşdiklərini bildirirlər.

Artıq sosial şəbəkələrdə bununla bağlı kifayət qədər şikayət mövcuddur.

Mövzu ilə bağlıAZXEBER.COM-a danışan təhsil eksperti Elçin Əfəndiyev bildirib ki, xaricdə təhsil seçimi zamanı ilk növbədə qanuni yollar üstün tutulmalıdır.


Ekspertin sözlərinə görə, Azərbaycan Respublikasının xaricdə təhsil üzrə dövlət proqramı vasitəsilə vətəndaşlar prioritet ixtisaslar üzrə nüfuzlu xarici universitetlərdə təhsil ala bilərlər.

"Ancaq elə gənclər də var ki, ölkənin ali məktəblərinə qəbul ola bilmirlər. Xüsusilə hərbi xidmətdən möhlət almaq istəyən bəzi oğlanlar çarəsizlikdən dələduz şirkət və şəxslərin qurbanına çevrilirlər. Həmin şəxslər onların vəziyyətindən sui-istifadə edərək müxtəlif vədlərlə aldadırlar".

Elçin Əfəndiyev xaricdə təhsil şirkəti seçərkən vətəndaşların diqqət etməli olduqları əsas məqamları da sadalayıb.

Onun sözlərinə görə, ilk növbədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin diplomları tanınmayan ali təhsil müəssisələri ilə bağlı siyahısı araşdırılmalıdır. Bundan əlavə, seçilən şirkətin rəsmi qeydiyyatı, fəaliyyət tarixi, lisenziyası və uğurlu nəticələri öyrənilməlidir.

"Təhsil sahəsində uzun illər fəaliyyət göstərən, etibarlı reputasiyası olan şirkətlər çox azdır. Onlar hansı tələbələri hansı universitetlərə göndərdiklərini, həmin tələbələrin harada təhsil aldıqlarını sübut edən məlumat təqdim etməlidirlər. Eyni zamanda, göndərilən universitetlərin diplomlarının Azərbaycanda tanınıb-tanınmadığı da yoxlanılmalıdır".

Ekspert bildirib ki, seçilən ixtisasın ölkə üçün prioritet olması və məzunun gələcəkdə məşğulluq imkanları da nəzərə alınmalıdır.

"Universitetin hərbi xidmətə möhlət hüququ verib-vermədiyi də araşdırılmalıdır. Ali təhsil müəssisəsi bununla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müvafiq sənədləri təqdim edə bilməlidir. Bütün bu məsələlər dəqiqləşdirildikdən sonra rəsmi qəbul prosesi həyata keçirilməlidir".

Elçin Əfəndiyev bəzi şirkətlərin vətəndaşları yanlış məlumatlarla aldatdıqlarını da vurğulayıb.

"Bəzi şirkətlər vətəndaşları Ukrayna, Almaniya, Rusiya və digər ölkələrin onlayn təhsil proqramlarına yönləndirirlər. Halbuki bu təhsil formaları Azərbaycanda tanınmır. Qiyabi təhsil də tanınmır, yalnız əyani təhsil tanınır. Təəssüf ki, insanlar aldadılır, onların vəsaiti mənimsənilir, daha sonra isə həmin şəxslər ya ölkəni tərk edir, ya da ümumiyyətlə ortalıqda görünmürlər".

Ekspert sosial şəbəkələrdə yayılan reklamlarla bağlı da vətəndaşlara xəbərdarlıq edib.

"Sosial şəbəkələrdə tanınmış şəxslərin guya müəyyən universitetlərə qəbul olunduğunu əks etdirən reklamlar hazırlanır, hətta bəzi ictimai xadimlərin və deputatların imicindən istifadə edilir. Bundan başqa, 'Attestatla təhsil', 'Balın azdırsa, səni universitetə yerləşdirərik' kimi şüarlarla vətəndaşlar aldadılır. İnsanlar bu cür vədlərə inanmamalı, yalnız rəsmi və etibarlı mənbələrə etibar etməlidirlər ki, dələduzluğun qurbanına çevrilməsinlər".

Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR