Xaricdə təhsil alan gənclər Prezident seçkilərində kimi dəstəkləyəcək? - AÇIQLAMA

GƏNCLİK
17:00 13.09.2013
2169

“Xaricdə təhsil alan gənclərimiz seçkilərə tam hazırdır və hazırkı prezidentimiz İlham Əliyevi dəstəkləyirlər.”

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Xaricdə Təhsil Alan və Məzun olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu" İctimai Birliyinin (ASAİF) baş katibi Vüsal Qurbanov deyib. O, xaricdə təhsil alan gənclərin seçki hazırlığı ilə bağlı fikirlərini bölüşüb:

“ASAİF olaraq xaricdə təhsil alan gənclər üçün 3 aylıq təbliğat kampaniyamız oldu. Bu müddətdə onları seçkilərdə aktiv iştiraka səsləmək üçün səy göstərdik. Gənclər hər şeydən məlumatlıdırlar və seçkiyə hazırdırlar. Xaricdə təhsil alan gənclər azərbaycanlı gənclərin ən savadlı təbəqəsinə daxildir. Bu səbəbdən onların seçimi əhəmiyyətlidir. Bu gənclər anlayır ki, onlar prezident seçkilərində səs verməklə öz gələcəklərinin müqəddəratını həll edirlər.

Təşkilatımız adından deyə bilərəm ki, hələ ASAİF-in Roma forumu zamanı xaricdə təhsil alan gənclərin seçimini etdiyinin şahidi olduq. Gənclər hazırkı prezidentimiz İlham Əliyevi tam dəstəkləyir və əminəm ki, seçkilərdə səslərindən cənab prezidentin xeyrinə istifadə edəcəklər.”

Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov Türkiyədə təhsil almış azərbaycanlı gənclərin seçkidə aktiv olacağını qeyd edib:

“Türkiyədə və müxtəlif dövlətlərin təhsil müəssisələrində təhsil alan tələbə və məzunlar qarşıdakı seçkilərdə cənab İlham Əliyevi dəstəkləyəcək. Bu təkcə bizim deyil, bütövlükdə Azərbaycan xalqının mövqeyidir və qarşıdakı seçkilərdə İlham Əliyevə rəqib sayıla biləcək bir lider yoxdur. İlham Əliyev öz fəaliyyəti ilə xalqın etimadını qazanıb və İlham Əliyev-Xalq, Xalq-İlham Əliyev birliyi sarsılmazdır. Cənab Prezidentin ölkəyə rəhbərlik etdiyi müddətdə Azərbaycan analoqu olmayan inkişaf yoluna qədəm qoyub. Ölkə həyatının ən müxtəlif sahələrində sürətli inkişaf qeydə alınıb. Azərbaycan nəinki yerləşdiyi Qafqaz regionunun lider dövlətinə, ümumilikdə dünyanın önəmli ölkələrindən birinə çevrilməyi bacarıb.

Türk dünyasına daxil olan bəzi ölkələrin Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına daxil olmağa cəsarət etmədiyi bir halda Azərbaycnın Şuranın sammitinə ikinci dəfə ev sahibliyi etməsi, sammitin əvvəlcə Naxçıvanda, ardınca Qəbələdə keçirilməsi bir daha göstərdi ki, ölkəmiz türk dünyası ölkələri arasında əməkdaşlıq meyllərinin güclənməsinə maraqlıdır və bu istiqamətdə ortaya qəti iradə qoyub. İnanırıq ki, cənab İlham Əliyevin türk dünyası ölkələrinin əməkdaşlığı istiqamətində səyləri davamlı olacaq.”

Ceyhun

OXŞAR XƏBƏRLƏR