Xaricdə təhsil alanlara niyə tələbə krediti verilmir? - AÇIQLAMA

Xaricdə təhsil alanlara niyə tələbə krediti verilmir? - AÇIQLAMA
SOSİAL
16:31 03.07.2026
241
"Dövlət Proqramından istifadə edə bilməyən, öz vəsaiti hesabına xaricdə təhsil almaq istəyən tələbələr də az deyil. Lakin mövcud qanunvericilikdə xaricdə təhsil alan şəxslərə təhsil tələbə kreditlərinin ayrılması nəzərdə tutulmayıb”.

Bu sözləri Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimov AzEdu.az-a müsahibəsində deyib.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan təhsil eksperti Elçin Süleymanov bildirib ki, xaricdə təhsil almaq istəyənlər üçün hazırda kifayət qədər təqaüd proqramı mövcuddur və bu səbəbdən həmin istiqamətdə tələbə kreditlərinin tətbiqinə ehtiyac yoxdur: 

"Xaricdə təhsil alanların əhəmiyyətli bir hissəsi artıq təqaüd proqramlarından istifadə edə bilir. Burada həm dövlət xətti ilə, həm də Azərbaycan Respublikası Dövlət Neft Fondunun maliyyə dəstəyi ilə hər il 500-ə yaxın gəncin təhsili maliyyələşdirilir. Eyni zamanda Macarıstanın, Çinin və bir neçə digər ölkənin, eləcə də Türkiyənin təqaüd proqramları var. "Türkiye Bursları", Çinlə bağlı proqramlar və universitetlərarası əməkdaşlıq çərçivəsində xaricdə təhsil almaq imkanları mövcuddur. 


Bundan başqa, Amerika proqramları, Erasmus və Almaniyanın müxtəlif proqramları vasitəsilə də bu imkanlardan yararlanmaq mümkündür. Ona görə də düşünmürəm ki, Təhsil Tələbə Krediti Fondu vasitəsilə xaricdə təhsilin maliyyələşdirilməsi uyğun addım olar”.

Ekspertin sözlərinə görə, Təhsil Tələbə Krediti Fondunun əsas missiyası sosial dəstək göstərməkdir və bu vəsaitin ölkə daxilində təhsil alan tələbələrə yönəldilməsi daha səmərəlidir: 

"Təhsil Tələbə Krediti Fondu tərəfindən təqdim olunan təhsil kreditləri əsasən ölkə daxilində təhsil alan, təhsil haqqını ödəyə bilməyən və məzun olduqdan sonra həmin vəsaiti qaytarmağı öhdəsinə götürən şəxslərə dəstək məqsədi daşıyır. Bu, sosial layihədir və sosial layihədən yararlananlar üçün ölkədaxili maliyyələşmə daha məntiqlidir. Çünki xaricdə təhsil haqları yüksəkdir və ayrılacaq vəsait də buna uyğun olaraq daha çox olacaq. Dolayısıyla, həmin vəsaitlə xaricdə bir nəfərin təhsilini maliyyələşdirməkdənsə, ölkə daxilində bəlkə də 10 nəfər daha çox ehtiyacı olan şəxsin təhsilinin maliyyələşdirilməsi məqsədəuyğundur”.
 
Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR