Xarici ölkələrin hərbi attaşelərinin iştirakı ilə toplantı keçirildi
Bütün Xəbərlər
17:16 07.12.2012
1044
Bu gün Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi attaşelərinin iştirakı ilə toplantı keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ABŞ, Rusiya, Türkiyə, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, İspaniya, İran, Çin, Ukrayna, Qazaxıstan, Gürcüstan, Pakistan, Çexiya, Belarus, Bolqarıstan, Slovakiya, Latviya, Niderland, Polşa, Avstrya, Finlandiya, Macarıstan, Zambiya dövlətlərinin hərbi attaşeləri öncə Bakıdakı N saylı hərbi hissəyə gedərək sülhməramlı tabor haqqında keçirilən brifinqə qatılıblar. Sonra sülhməramlı taborun şəxsi heyəti ilə görüş keçirilib.Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində hərbi diplomatlar sinif otaqları və mərkəzə aid başqa vasitələrə baxış keçiriblər. Sonda Silahlı Qüvvələrin SNT mərkəzində açılış brifinqi olub və müzakirələrə start verilib.Brifinqi giriş sözü ilə açan Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Ramiz Nəcəfov Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin adından qonaqları salamlayaraq çıxış üçün sözü müdafiə nazirinin müavini general-leytenant Çingiz Məmmədova verib. Nazir müavini regiondakı vəziyyət, beynəlxalq hərbi əməkdaşlıq məsələləri və Ermənistanın təcavüzkar siyasəti barədə qonaqları məlumatlandırıb.Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin zabitləri tərəfindən Azərbaycan Ordusunda son illər baş verən yeniliklər və gələcək planlar barədə qonaqlara məruzələr edilib.Toplantının sonunda attaşelər maraqlandıran suallara cavablar verilib.