Əməkdar Jurnalist Anar Yusifoğlunun "Qaynarinfo.az”da yayımlanan məqaləsini olduğugu kimi AZXEBER.COM təüdim edir.
Xərçəngə nifrət edirəm! Bu sözləri yazmaq belə, qəribə hissdir. Çünki insan adətən nifrət sözünü bir insana, bir haqsızlığa, bir xəyanətə ünvanlayır. Amma xərçəng başqa şeydir. O, qapını döymədən gəlir. İcazə istəmir. Sənin planlarını, arzularını, sabaha saxladığın işləri, sevdiklərinlə qurduğun xəyalları bir anda sual altına salır.
Xərçəngə nifrət edirəm. Çünki insanın ən qiymətli sərvəti olan zamanını oğurlamaq istəyir.
Bir səhər adi görünür. İnsan işə gedir, telefon zənglərinə cavab verir, görüşlərə tələsir, sabah haqqında plan qurur. Sonra bir müayinə, bir analiz, bir həkim sözü və həyatın əvvəlki mənası bir anın içində dəyişir.
Bir fincan çayın dadı, bir dostun səsi, övladının gülüşü, həyat yoldaşının baxışı, pəncərədən işıq salan günəş… İnsan anlayır ki, həyat möcüzəni böyük hadisələrdə yox, hər gün təkrarlandığı üçün fərqinə varmadığı kiçik anlarda gizlədirmiş.
Xərçəngə nifrət edirəm, çünki o, insanı qorxudur. Amma qəribə olan odur ki, qorxduğun şey bəzən sənin içindəki gücü də oyadır, adam özünü ən zəif hiss etdiyi yerdə bəzən ən möhkəm dayanmağı öyrənir. İnsan təkcə xəstəliklə mübarizə aparmır. O, həm də ümidsizliklə, qorxu ilə mübarizə aparır.
Mənim öz adım var, xərçəng deyil. Xəyallarım, sevdiklərim, yarımçıq qalan işlərim var. Görmək istədiyim yerlər, demək istədiyim sözlər, yaşamaq istədiyim günlər var. Ona görə də xərçəngə nifrət edirəm.
Amma həyatımı ona həsr etmək niyyətim də yoxdur. Çünki həyat xəstəlikdən çox böyükdür. Sabaha dair bir ümidin varsa, hələ yol var.
Mən xərçənglə dost deyiləm. Dost badalaq vurmaz. Dost insanı yarı yolda qoymaz. Dost bölüşər, dayaq olar. Xərçəng isə bölmək istəyir. Amma mənim həyatımı bölməsinə icazə verməyəcəyəm.
Xərçəngə nifrət edirəm, çünki o, insanın bədənindən əvvəl rahatlığını işğal edir, adamın həyatına kiçik bir şübhə kimi girir.
Bəzən bir nəfərin yanında olması yüz nəfərin "keçmiş olsun”undan qiymətlidir. Səni gözləyən, zənginə cavab verən, xəstələnəndə narahat olan, susqunluğunu anlayan biri varsa, sən kasıb deyilsən. Bəlkə də insanın ən böyük sərvəti elə budur.
İllər əvvəl apardığım debatlarda qonaqlar belə deyirdilər: "Vaxtımı saxlayıram…”, "Vaxtımı dondururam…” O vaxt bu ifadələr sadəcə efirdə səslənən sözlər idi. İndi isə həmin sözlər qulağımda tamam başqa cür səslənir. Vaxtı saxlamaq… Vaxtı dondurmaq… İnsan sözün əsl mənasını bəzən onu yaşayanda anlayır. Mən də indi anlayıram ki, vaxtı saxlamaq nə böyük arzudur. Kaş mümkün olaydı. Elə bilirik ki, bu günün səhəri bir daha gələcək.
Ömrün uzunluğunu seçmək olmur, amma ona hansı ruhla sahib çıxacağını seçmək insanın əlindədir. Mən öz ömrümə sahib çıxacağam. Doğmalarımdan, dostlarımdan, sevdiyim həyatdan ayrılmaq fikrim yoxdur. Xərçəng qarşıma çıxan sınaqdır, taleyim isə ondan və bütün xəstəliklərdən böyükdür.
Xərçəngə nifrət edirəm. Çox. Amma vaxtı ondan geri alacam. Saxlamaq və ya dondurmaq üçün yox, yaşamaq üçün. Axı həyat efir deyil! Əgər bir gün həyat həqiqətən məndən son sözümü istəsə, onu da özüm deyəcəm. Çünki bu, həyatın debatıdır.
Son söz hələ də məndədir, mövzu mənəm!
Anar Yusifoğlu, Əməkdar jurnalist











































