Gəncə Apelyasiya Məhkəməsində 50 yaşlı Sadiqə Qasımovanın məhkəməsi başa çatıb.
AZXEBER.COM-un "Gun.az"a istinadən verdiyi xəbərə görə,hakim Ceyhun Əhmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısının apelyasiya protesti təmin edilib.Qərara görə, Gəncə şəhər Nizami rayon məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan ölümə səbəb olma) maddəsi ilə təqsirli bilinib qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 2 il şərti cəza alan Sadiqə Qasımovanın cəzası ağırlaşdırılıb. Onun barəsində 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.İttihama görə, 29 oktyabr 2011-ci ildə N saylı hərbi hissədə tibb bacısı işləyən S.Qasımova dəri-zöhrəvi xəstəlikləri bölməsinə daxil olan əsgər Ruslan Kərimova düzgün iynə vurmayıb. Nəticədə əsgərin vəziyyəti daha da ağırlaşıb. Bu barədə həkimə xəbər verməyən tibb bacısı sonra ona ağrıkəsici dərmanlar verib. Oktyabrın 30-u səhər saat 7 radələrində Ruslan Kərimov anaflaktik reaksiya (şok) və kəskin poliorqan (ürək-damar, ağ ciyər-tənəffüs, böyrək üstü və beyin) çatışmazlığından dünyasını dəyişib.