Azərbaycanda vəzifəli şəxslərin xidməti avtomobillərdən şəxsi məqsədlər üçün istifadəsi məsələsi yenidən gündəmə gəlib. Milli Məclisdə müzakirəsinə başlanılan "Maraqların toqquşması haqqında” qanun layihəsində dövlət və bələdiyyə əmlakından şəxsi məqsədlər üçün istifadəyə dair qadağa nəzərdə tutulur.
Bəs xidməti avtomobillərdən şəxsi məqsədlər üçün istifadə edən məmurları hansı məsuliyyət gözləyir?
"Konstitusiya” Araşdırmaları Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev AZXEBER.COM-a açıqlamasında bildirib ki, yeni qanun layihəsinin qəbul edilməsi korrupsiyaya qarşı mübarizədə mühüm addım ola bilər:
"Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə ‘Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı’ qəbul edilib. Həmin planda nəzərdə tutulan tədbirlərdən biri də vəzifəli şəxslərin fəaliyyətində maraqların toqquşması haqqında qanunun hazırlanması idi. Artıq qanun layihəsi Milli Məclisə daxil edilib və komitələrdə müzakirələrə başlanılıb. Bu məsələnin müzakirələri 2016-cı ildən başlayıb. Layihənin parlamentə təqdim olunması çox əhəmiyyətli hadisədir. Hesab edirəm ki, müzakirələrdə vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı da zəruridir”.
Hüquqşünas qeyd edib ki, xidməti avtomobillər vəzifəli şəxslərin şəxsi ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulmayıb:
"Xidməti avtomobil vəzifəli şəxsin işini görməsi üçün ayrılır. Onun ailə üzvlərinin daşınması, şəxsi səfərlər və digər məişət ehtiyaclarının dövlət hesabına təmin edilməsi üçün nəzərdə tutulmur. Təəssüf ki, praktikada bir çox hallarda vəzifəli şəxslərin avtomobillərindən onların ailələri də istifadə edir. Bu isə dövlət resurslarından təyinatı üzrə istifadə edilməməsidir. Burada yalnız yanacaq sərfiyyatından söhbət getmir. Sürücünün əməkhaqqı, avtomobilin istismarı, texniki xidmət və amortizasiya xərcləri də dövlət büdcəsindən ödənilir.
"”Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunda dövlət əmlakından, o cümlədən nəqliyyat vasitələrindən şəxsi məqsədlər üçün istifadə artıq qadağan edilib. Sadəcə, bu normanın tətbiqi ilə bağlı prosedur yoxdur. Yeni qanunun əhəmiyyətini qiymətləndirsək də, onun icrasına nəzarət mexanizmlərinin necə qurulacağına diqqət yetirilməlidir”.
Əliməmməd Nuriyevin sözlərinə görə, xidməti avtomobillərə nəzarətin gücləndirilməsi üçün elektron yol vərəqələri və GPS sistemlərindən istifadə oluna bilər:
"Avtomobilin kimə təhkim olunduğu, hansı tapşırıq üzrə istifadə edildiyi, yürüşü və yanacaq sərfiyyatı yoxlanıla bilən qaydada qeydə alınmalıdır. Elektron yol vərəqələri və GPS sistemi burada faydalı ola bilər. Lakin GPS yalnız avtomobilin getdiyi yeri göstərir. Səfərin xidməti məqsədi isə müvafiq tapşırıq və sənədlərlə təsdiqlənməlidir. İstirahət günü avtomobildən istifadə edilməsi özlüyündə pozuntu deyil. Təcili xidməti zərurət yarana bilər. Əsas məsələ həmin səfərin vəzifə öhdəliklərinin icrası ilə bağlı olub-olmamasıdır.
Yoxlama zamanı yalnız sürücünün məsuliyyətinə diqqət yetirmək düzgün olmaz. Avtomobildən şəxsi məqsədlərlə istifadəyə kimin göstəriş verdiyi, səfərin sənədlərini kimin təsdiqlədiyi və xərclərin hansı əsasla rəsmiləşdirildiyi də araşdırılmalıdır. Əgər iddia rəhbər vəzifəli şəxslə bağlıdırsa, yoxlamanın yalnız onun tabeliyində olan əməkdaşlara həvalə edilməsi ilə kifayətlənmək olmaz. Belə hallarda yuxarı və kənar nəzarət qurumlarının yoxlaması təmin edilməlidir”.
Hüquqşünas vurğulayıb ki, dövlət əmlakından şəxsi məqsədlər üçün istifadə edən vəzifəli şəxslər müxtəlif növ məsuliyyətə cəlb oluna bilərlər:
"Burada intizam, inzibati, maddi və cinayət məsuliyyəti məsələləri ortaya çıxa bilər. Dövlət qulluqçusu barəsində qanuni əsaslar olduqda töhmətdən dövlət qulluğundan azad edilməyə qədər intizam tədbirləri tətbiq oluna bilər. Dövlətə vurulmuş zərərin ödənilməsi məsələsinə ayrıca hüquqi qiymət verilməlidir. Şəxsi səfərin xərcini sonradan ödəmək pozuntunun özünü aradan qaldırmır və məsuliyyət məsələsini avtomatik bağlamır. Yəni vəzifəli şəxs səfərin bütün xərclərini öz hesabına ödəsə belə, bu, dövlət əmlakından şəxsi məqsədlər üçün istifadə faktını aradan qaldırmır.
Əməl cinayət tərkibi yaradırsa, cinayət məsuliyyəti də mümkündür. Məsələn, qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd istifadə edilməsi vəzifə səlahiyyətlərindən sui-istifadə məsələsini ortaya çıxara bilər. Lakin hər bir hadisədə bu şərtlər sübuta yetirilməlidir. İnzibati cərimə isə yalnız konkret əmələ görə qanunda müvafiq məsuliyyət nəzərdə tutulduqda tətbiq edilə bilər”.
Əliməmməd Nuriyev hesab edir ki, qanunun effektivliyi onun rəhbər vəzifəli şəxslərə münasibətdə necə tətbiq olunmasından asılı olacaq:
"Üçsəviyyəli yoxlama çox vacibdir. Buraya daxili audit, Hesablama Palatası kimi müstəqil qurumlar və ictimai nəzarət daxildir. Avtomobillərin sayı, təyinatı və yanacaq xərcləri barədə məlumatlar açıq dərc olunsa, ictimaiyyət və media da nəzarətə qoşula bilər.
Eyni zamanda, şikayət kanalları şəffaf və əlçatan olmalı, pozuntu barədə məlumat verən şəxslər qorunmalıdır. Əsas məsələlərdən biri nəzarət edənlərin müstəqilliyidir. Əgər yoxlama barəsində iddia irəli sürülən rəhbərin tabeliyində olan şəxs tərəfindən aparılarsa, bu mexanizm praktikada işləməyəcək.
"”Maraqların toqquşması haqqında” qanunun qəbul edilməsi dövlət qulluğunda bir çox məsələyə aydınlıq gətirəcək və korrupsiyaya qarşı mübarizədə əsas alətlərdən birinə çevrilə bilər”.
Şahanə Ziyad











































