Yayda dənizə gedənlər bunları bilməlidir - Əks halda istirahət faciəyə çevrilə bilər

Yayda dənizə gedənlər bunları bilməlidir - Əks halda istirahət faciəyə çevrilə bilər
SOSİAL
15:18 24.06.2026
362
Dəniz mövsümünün başlaması ilə istirahət üçün dənizə üz tutanların sayı artıb. Lakin təhlükəsizlik qaydalarına əməl edilməməsi, xüsusilə də küləkli hava şəraitində dənizə girmək ciddi fəsadlara yol aça bilər.

Fövqəladə Hallar Nazirliyinin xəbərdarlıqlarına baxmayaraq, bəzi vətəndaşlar riskli hava şəraitində dənizə üz tutur.

Elə ötən günlərdə Mərdəkan çimərliyində 4 nəfər batıb. 
  
Dənizdə batanlar dalğıc-xilasedicilər tərəfindən aparılan axtarışlar nəticəsində 1991-ci il təvəllüdlü Əzimov Namiq İsabala oğlunun, 2005-ci il təvəllüdlü Əbdülov Elnur İsa oğlunun və 2007-ci il təvəllüdlü Əbdülov Elmar İsa oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Digər vətəndaş - 2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun  axtarışları davam etdirilir.

Təhlükəsizlik eksperti Orxan Musayev AZXEBER.COM-a açıqlamasında deyib ki, çimərliklərdə baş verən faciələrin böyük əksəriyyəti insan faktoru səbəbindən baş verir:

"Çimərliklərdə baş verən faciələrin böyük əksəriyyəti insan faktoru səbəbindən baş verir. Yəni qarşısı alına biləcək səhvlər nəticəsində insanlar təhlükəli vəziyyətlərlə üz-üzə qalırlar. Bəzən insanlar dənizdə istirahət edərkən suyun təhlükəli tərəflərinin olduğunu unudurlar. Spirtli içki qəbul etdikdən sonra suya girmək, uşaqları nəzarətsiz buraxmaq və qadağan olunmuş ərazilərdə çimmək bəzi insanlar tərəfindən adi hal kimi qəbul edilir”.

O bildirib ki, insanlar yalnız nəzarət olunan və rəsmi fəaliyyət göstərən çimərliklərdən istifadə etməlidirlər:

"İnsanlar yalnız nəzarət olunan və rəsmi fəaliyyət göstərən çimərliklərdən istifadə etməlidirlər. Çünki həmin ərazilərdə Fövqəladə Hallar Nazirliyinin xilasedici heyəti fəaliyyət göstərir və hər hansı fövqəladə hal baş verdikdə onlar çevik şəkildə müdaxilə edə bilirlər. Nəzarətsiz ərazilərdə xilasedicilər olmadığı üçün baş verən hadisələr zamanı insan həyatını xilas etmək mümkün olmur. Nəzarət olunan çimərliklərdə isə suyun dərinliyi müəyyən edilir, insanların həyatına təhlükə yarada biləcək daşlar, qaya parçaları və digər maneələr təmizlənir”.

O.Musayev qeyd edib ki, çimərlik qaydalarını pozanlara qarşı cərimələr tətbiq olunmalıdır:

"Dənizə girməzdən əvvəl hava şəraiti və dalğaların hündürlüyü mütləq nəzərə alınmalıdır. Hətta peşəkar üzgüçülər belə meteoroloji amillərin təsiri nəticəsində həyatlarını itirə bilirlər. Maarifləndirici və təbliğat xarakterli tədbirlər daha da gücləndirilməlidir. İnsanlar boğulma zamanı orqanizmdə baş verən prosesləri, axına düşdükdə hansı addımları atmalı olduqlarını bilməlidirlər. Çimərliklərdə təhlükəsizlik qaydalarını pozan şəxslərə qarşı cərimələr tətbiq olunmalıdır ki, insanlar qaydalara daha ciddi yanaşsınlar”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR