Yeni marka yaradan sahibkarlar diqqət: İlk addımı belə atmayın

Yeni marka yaradan sahibkarlar diqqət: İlk addımı belə atmayın
SOSİAL
13:51 01.09.2026
159

Son illər Azərbaycanda yeni biznes və brendlər yaradan sahibkarların sayı artır. Xüsusilə geyim, aksesuar, kosmetika və digər istehlak sahələrində bazara yeni markalar daxil olur.

Lakin yeni marka yaratmaqla yanaşı, onu bazarda tanıtmaq, rəqiblərdən fərqləndirmək və geniş auditoriyaya çatdırmaq sahibkarlar üçün əsas çağırışlardan birinə çevrilib. Bu baxımdan, məhsulun keyfiyyəti ilə yanaşı, düzgün marketinq strategiyasının qurulması da mühüm əhəmiyyət daşıyır.

Maraqlıdır, yeni marka yaratmaq istəyən sahibkar ilk növbədə nələrə diqqət etməlidir? Biznesin böyüdülməsi və daha geniş auditoriyaya çatdırılması üçün hansı marketinq addımları atılmalıdır?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan marketoloq Nicat Manafov bildirib ki, yeni biznes quran sahibkar ilk növbədə qanunvericiliyin tələblərinə əməl etməlidir:

"Sahibkar marka yaradanda və ya biznes quranda birinci növbədə qanunvericiliyin təməl normalarına riayət etməlidir. Çünki bəzən görürsən ki, dostlar arasında centlmen sövdələşməsi olur, işə başlayırlar. Bir gün sonra yoxlama gəlir və işçini qanunsuz işlətdiyinə görə 5 min manatdan 20 min manatadək cərimə tətbiq olunur. Bundan çox ehtiyatlı olmalıdırlar. Biznesə başlamadan bitir. Ona görə təməl biznes normalarına ilk başdan riayət etsinlər.

Daha sonra biznesi böyütmək üçün mütləq inkişaf etmiş marketinq alətlərindən istifadə etsinlər. Artıq əvvəlki dövrlərdəki kimi reklamı posta qoymaq, reklama büdcə ayırmaq və büdcəni satışa yönəltmək olmur. Çünki bazarımızda artıq internet üzərindən fəaliyyət göstərən innovativ bizneslər, məsələn, Trendyol və bu kimi markalar marketinq büdcələri ayırır və bu da reklam qiymətlərini qaldırır. Digitalda ona görə fərqli yol axtarmalıdırlar. Orqanik kontentləri öyrənməli, maraqlı kontentlər hazırlamalıdırlar”.

Marketoloq Azərbaycanda yeni bizneslər üçün investisiya imkanlarının məhdud olduğunu da diqqətə çatdırıb:

"Digər tərəfdən, satdıqları məhsullardan keyfiyyətli satışsonrası xidmətlərinə önəm verməlidirlər. Müştəriləri ilə uzunmüddətli bağlantı yarada bilsinlər. Çünki pis müştəri pis təcrübəsini onlarla müştəriyə ötürür, yaxşı isə digər müştərilərə ötürür. Buna görə pis təcrübə çox geniş yayılır və bu da biznesin inkişafını ləngitməyə gətirib çıxarır. Ən böyük problem Azərbaycan daxili bazarında fond pulu, investisiya tapmaqdır. Təəssüf ki, burada hələ ki, inkişaf etmiş yolumuz yoxdur. Bəzi aqrar sahələrdə dövlət dəstəyi, müəyyən mexanizmlər var. Amma innovativ startaplarda sadə startap şəhadətnamələri və s. vasitəsilə mənfəət vergisində güzəştlər əldə etmək olur. Bu sahədə hər hansı investorlar, risk investorlarından söhbət gedə bilməz. Hazırda investor yoxdur. Ona görə də mütləq ortaqlar cəlb edəndə pulu olan ortaqlar cəlb etsinlər, riski də yarıya endirmiş olarlar”.

N.Manafov fiziki məhsulların satışı ilə məşğul olan sahibkarlara obyekt seçərkən əhalinin sıx olduğu ərazilərə üstünlük verməyi tövsiyə edib:

"Xüsusən obyekt götürəndə, əgər fiziki məhsulların satışı ilə məşğuldurlarsa, əhalinin sıx gedib-gəldiyi yerlərdə obyekt götürsünlər. Ucuz olsun deyə küçə-bucaqda obyekt götürürlər, ondan sonra ayaq müştərisi olmadığı üçün bizneslərin bankrotuna gətirib çıxarır”.

Marketoloq Marat Namazov isə yeni marka yaradan sahibkarların əsas səhvlərindən birinin məhsuldan başlamaq olduğunu bildirib:

"Yeni marka yaradan sahibkarın ilk səhvi məhsuldan başlamaqdır. Əvvəlcə müştərini tanımaq lazımdır. Kimə satırsan, hansı problemi həll edirsən və niyə müştəri səni seçməlidir? Bu sualların cavabı yoxdursa, ən yaxşı məhsul belə güclü marka yarada bilməz”.

M.Namazovun sözlərinə görə, biznesin böyüdülməsi üçün yalnız reklama daha çox vəsait ayırmaq kifayət deyil:

"Biznesi böyütmək üçün sadəcə daha çox reklam vermək kifayət deyil. Doğru mövqeləndirmə, düzgün auditoriya və ardıcıl kommunikasiya əsasdır. Mənim fikrimcə, bu gün marka üçün ən böyük kapital tanınmaq yox, etibar qazanmaqdır. Doğru auditoriyanın etibarını qazanan biznes böyümək üçün daha sağlam təmələ sahib olur”.

Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR