Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI
SİYASƏT
16:00 02.11.2026
585
Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək.

Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb.

Bu vəzifəyə Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən sənəddə 3 nəfərin namizədliyi irəli sürülüb. Onlar hazırkı Ombudsman Səbinə Əliyeva, Konstitusiya Məhkəməsinin keçmiş hakimi, hüquq elmləri doktoru, professor Ceyhun Qaracayev və Ali Məhkəmənin hakimi, Hakimlərin Seçki Komitəsinin üzvü Elşanə Vəliyevadır.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Zahid Oruc bildirib ki, sabah Ombudsmanın seçilməsi ilə bağlı məsələ müzakirə olunacaq:

"Sabah Ombudsmanın seçilməsi ilə bağlı məsələ müzakirə olunacaq və yekunda səsvermə keçiriləcək. Namizəd 83 səs çoxluğu topladığı təqdirdə seçilmiş hesab olunacaq. Səsvermənin nəticəsindən sonra parlament sədri qərarı elə həmin gün imzalayacaq və bununla da sənəd hüquqi qüvvəyə minəcək. Əminəm ki, bütün bu proses və prosedurlar sabah yekunlaşacaq”.


Qeyd edək ki, Ombudsman 7 il müddətinə seçilir. Eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz.

Xatırladaq ki, hazırkı Ombudsman Səbinə Əliyeva 29 noyabr 2019-cu ildə Prezidentin irəli sürdüyü üç namizəd arasından Milli Məclis tərəfindən bu vəzifəyə seçilib.

Aynur Babazadə
OXŞAR XƏBƏRLƏR