“Yerli Şirkətlərin Tanıtım Sərgisi”nin yekununda axşam ziyafəti təşkil olundu

“Yerli Şirkətlərin Tanıtım Sərgisi”nin yekununda axşam ziyafəti təşkil olundu
SOSİAL
20:08 24.06.2026
360
17-20 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi”nin yekunu münasibətilə 23 iyun tarixində axşam ziyafəti təşkil olunub.

Tədbirdə dövlət və özəl sektor nümayəndələri, sərgi iştirakçısı olan sahibkarlar, tərəfdaş qurumlar və şirkət nümayəndələri iştirak ediblər.

Tədbirin rəsmi hissəsində açılış nitqi ilə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov sərginin uğurla başa çatması münasibətilə iştirakçıları təbrik edib, yerli şirkətlərin inkişafı, sahibkarlığın təşviqi və biznes əlaqələrinin genişləndirilməsi istiqamətində bu cür platformaların əhəmiyyətini vurğulayıb.

Daha sonra İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev çıxış edərək sərginin nəticələrindən, sahibkarlar arasında qurulan yeni əməkdaşlıqlardan və yerli biznesin inkişafına verdiyi töhfədən bəhs edib. O, sərginin hər il daha geniş miqyas aldığını və yerli şirkətlərin tanıdılması baxımından mühüm platformaya çevrildiyini qeyd edib.

Tədbirin bədii hissəsində sərginin təşkilinə dəstək göstərən tərəfdaş və sponsor qurumlara, eləcə də sərgidə aktiv iştirak edən və fərqlənən şirkətlərə xüsusi təşəkkür plaketləri təqdim olunub.
Gecə ərzində sərginin ən yaddaqalan anlarını əks etdirən yekun videoçarx nümayiş olunub, iştirakçılar arasında işgüzar ünsiyyət və şəbəkələşmə imkanları yaradılıb.

Qeyd edək ki, KOBİA və Marsol Group-un birgə təşkilatçılığı, Birbank Biznes-in rəsmi tərəfdaşlığı ilə keçirilən 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi”ndə inşaat, qida, İKT, təhsil, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-dən çox yerli şirkət məhsul və xidmətlərini nümayiş etdirib.

Sərgi müddətində ümumilikdə 36.328 ziyarətçi tədbiri ziyarət edib. Həmçinin sərgi çərçivəsində fəaliyyət göstərən B2B və B2G zonalarında sahibkarlarla iri şirkətlərin satınalma rəhbərləri və dövlət qurumlarının nümayəndələri arasında çoxsaylı işgüzar görüşlər keçirilib.

İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA), Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Dövlət Reklam Agentliyi, Azərbaycan Biznesinin İnkişafı Fondunun dəstəyi ilə keçirilən sərgi yerli biznesin inkişafına, yeni əməkdaşlıqların qurulmasına və "Made in Azerbaijan” brendinin təşviqinə mühüm töhfə verib.

Sərginin yekununa həsr olunmuş axşam ziyafəti isə iştirakçılar arasında qurulan əlaqələrin daha da möhkəmlənməsinə, yeni əməkdaşlıq imkanlarının müzakirəsinə və gələcək layihələr üçün məhsuldar mühitin formalaşmasına şərait yaradıb.

Baş sponsor qismində "Firavan Park”, sponsor qismində "VIDAL Private Industrial Zone”, təşkilati dəstək olaraq "MG Transport” və "2K HEDEF”, qeydiyyat sponsoru olaraq "Tonuby Group”, B2B və B2G zona sponsoru olaraq "N-Advert”, promo tərəfdaş olaraq "Moon Group”, media tərəfdaşı olaraq "BHB Strategic and Creative CO”, könüllü dəstəyi tərəfdaşları olaraq isə UNEC, Tələbə Həmkarlar İttifaqı Komitəsi sərgiyə dəstək göstəriblər.

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR