Seçki proseslərinin kütləvi informasiya vasitələrində necə işıqlandırılması ilə bağlı media qurumlarının rəhbərləri arasında sorğu keçirilib.
Gün.Az-ın məlumatına görə, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı hazırda seçki prosesinə Azərbaycan mətbuatının diqqətinin kifayət qədər yüksək olması qənaətindədir:“Hazırda Azərbaycan mətbuatında seçki prosesləri kifayət qədər yaxşı işıqlandırılır. Seçki kampaniyası hələ başlamasa da, istər yazılı, istərsə də elektron mediada gedən xəbərlərin təxminən üçdəbirini seçki xəbərləri təşkil edir”.“1 News.az” İnformasiya Agentliyinin baş redaktoru Rəhman Hacıyevin sözlərinə görə, Azərbaycanda media qurumlarının sayı kifayət qədər çox olduğundan fərqli fikirləri də tapmaq mümkündür:“Ona görə də qeyri-obyektivlikdən heç bir söhbət aparıla bilməz. İstənilən şəxs müxtəlif, fərqli fikirləri Azərbaycanın internet saytlarında, qəzetlərində tapa bilər və artıq özü bu məlumatı oxuyandan, dərk edəndən sonra özü üçün müəyyən nəticələr çıxara bilər”.R.Hacıyev seçki proseslərinin işıqlandırılmasına daha məsuliyyətlə yanaşdıqlarını bildirərək, bunu Azərbaycanda rusdilli media qurumlarının sayının az olması ilə izah edib:“Azərbaycanda rusdilli media qurumlarının sayı az olduğundan biz öz işimizə daha məsuliyyətli yanaşmalı olduğumuzu dərk edirik və hesab edirik ki, seçki prosesini daha dolğun, daha operativ şəkildə işıqlandırmalıyıq. Çalışırıq ki, gündəlik baş verən bütün prosesləri izləyək və bütün aktual məsələləri işıqlandıraq”.“Gündəlik teleqraf” qəzetinin baş redaktoru Aynur Camalqızının sözlərinə görə, istənilən media qurumu prezident seçkilərində iştirak edən namizədlərlə yanaşı seçicilərin hüquqlarını da nəzərə almalıdır:“Çünki biz informasiya verən bir orqan kimi seçki prosesi ilə bağlı cəmiyyəti, seçiciləri məlumatlandırmalıyıq”.“Azxəbər.com” portalının rəhbəri Hacıbəy Heydərli isə hesab edir ki, namizədlərin imzatoplama kampaniyası, seçki prosesinə hazırlıq mərhələsi mətbuatda tam obyektiv şəkildə işıqlandırılır:“Bu gün Azərbaycan cəmiyyətində artıq insanlar hansı namizədin seçkiyə necə hazırlaşdığını, kimin daha şanslı olduğunu aydın görə bilir ki, bunda da Azərbaycan mediasının müstəsna rolu var”.Mövzu ilə bağlı geniş materiala Yurd TV-nin aşağıdakı süjetində baxa bilərsiniz: