Özbəkistanda ən çox sevilən azərbaycanlı müğənnilər - Bu məşhurları orada hər kəs tanıyır

Özbəkistanda ən çox sevilən azərbaycanlı müğənnilər - Bu məşhurları orada hər kəs tanıyır
MANŞET
14:47 24.08.2026
577
Azərbaycan-Özbəkistan dostluğu, qardaşlığı bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də özünü göstərir. Özbəkistanda Azərbaycan musiqisinə böyük maraq var və ölkənin müxtəlif məkanlarında Azərbaycan mahnıları səsləndirilir. bir sıra Azərbaycan mahnıları insanların dilindən düşmür. Özbəkistanın bütün şəhərlərində Azərbaycan musiqilərinin sədalarını eşirmək mümkündür. 
 
Mətbuat Şurası İdarə Heyətinin üzvü, Özbəkistan Jurnalistlər İttifaqının fəxri üzvü Hacıbəy Heydərli deyib ki, Özbəkistanda Azərbaycan mədəniyyətinə çox böyük maraq var:
 
"Dost və qardaş Özbəkistanda demək olar ki, hər evdə məşhur Azərbaycan filmi olan "Qaynana"nı izləyiblər. Orada getdiyimiz hər məkanda Azərbaycan mahnılarını eşitmək mümkündür. El şənliklərində, məclislərdə Azərbaycan mahnıları və rəqsləri səslənir. Azərbaycan müğənniləri və xalq mahnılarımız Özbəkistanda dillər əzbəridir. Əminliklə deyə bilərəm ki, Azərbaycan mədəniyyətinin, musiqisinin ən geniş yayıldığı və sevildiyi ölkə Özbəkistandır. Bizi ortaq din, ortaq dil, ortaq mədəniyyət birləşdirir.  

AZXEBER.COM müxtəlif zamanlarda Özbəkistanda mahnıları ilə gündəm yaradan və qardaş ölkədə ən çox tanınan və sevilən müğənnilərimizi təqdim edir:

Zeynəb Xanlarova – Azərbaycan musiqisinin əfsanəvi simalarından olan Xalq artisti Zeynəb Xanlarova da Özbəkistanda çıxış edən sənətçilər sırasında yer alır. Zeynəb Xanlarova 1980-ci ildə Daşkənddə konsert proqramı ilə çıxış edib. Həmin konsertdə sənətçi "Bülbülüm” mahnısını ifa edib. 1982-ci ildə isə "Daşkənd payızı” festivalında çıxış edən sənətçinin ifası böyük maraq və coşqu ilə qarşılanıb.

 
Roza Zərgərli - Özbəkistanda ən çox tanınan azərbaycanlı sənətçilərdəndir. Roza Zərgərlinin Özbəkistanla yaradıcılıq əlaqələri daha əvvəl də başlayıb. 2013-cü ildə o, tanınmış özbək müğənni Ziyad İşanxocayevlə birlikdə "Sən və mən” adlı mahnını təqdim edib. Onu qardaş ölkədə sevdirən isə "İstədim" mahnısı olub.
 
Roza Zərgərli 2025-ci il aprelin 14-də isə Daşkənddə, Özbəkistan Xalqlar Dostluğu Sarayında və bir çox konsert zallarında böyük konsert proqramı ilə səhnəyə çıxıb. Konsert proqramında "İstədim”, "Son”, "Mənə Öyrət”, "Qəmli Nağıl”, "Yaxşı ki varsan”, "Ağlaya-ağlaya”, "Əlimdən tut”, "Tək həqiqət”, "Bəri gəl” və digər mahnıları səsləndirib. Özbəkistanın Xalq artisti Yulduz Usmanova 2025-ci ildə verdiyi açıqlamada Roza Zərgərlinin Özbəkistanda çox sevildiyini bildirib.
 

Gülyaz və Gülyanaq Məmmədova – Azərbaycan muğamının və milli musiqisinin tanınmış nümayəndələri Gülyaz və Gülyanaq Məmmədova bacıları Özbəkistanda da çıxışları və yaradıcılıqları ilə diqqət çəkən azərbaycanlı sənətçilərdəndir. Xüsusilə Gülyanaq Məmmədovanın qardaş ölkə ilə mədəni əlaqələri diqqət çəkir. O, 2022-ci ildə Özbəkistanın Xalq artisti fəxri adına layiq görülüb. Sənətçi elə həmin il Özbəkistanda "Xalqar dostluğu" sarayında konsert verib. 2024-cü ildə isə Özbəkistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində səhnəyə çıxıb. Gülyanaq Məmmədova 2022-ci ildə Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşünün bədii hissəsində Azərbaycan, Türkiyə, Özbəkistan, Türkmənistan və Qazaxıstan prezidentlərinin qarşısında ifa edib.

Eyni zamanda Əməkdar artist Elnarə Abdullayevanın muğam ifaları da Özbəkistanda çox sevilir və sənətkarımız orada çox məşhurdur. 

 
Aynur Yusifova – Azərbaycanlı müğənni Aynur Yusifova Özbəkistanla bağlı layihəsi ilə diqqət çəkib. O, Özbəkistan milli komandasının Dünya Çempionatında iştirakına dəstək məqsədilə "Sizinlədir Azərbaycan” adlı musiqini ifa edib. Musiqi iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin musiqi vasitəsilə ifadəsi kimi diqqət çəkib. Aynur Yusifovanın bu ifası Özbəkistanda da maraqla qarşılanıb və trendə çevrilib. Mahnı 2 həftə ərzində 20 milyona yaxın izlənmə toplayıb. Müğənni bu ifasına görə Özbəkistana dəvət olunub və bütün məşhur televiziyaların fəxri qonağı olub. 

 
Üzeyir Mehdizadə – Azərbaycanlı müğənni Üzeyir Mehdizadə Özbəkistanda mahnıları ilə geniş auditoriyanın rəğbətini qazanan sənətçilərdəndir. Müğənninin Özbəkistanla musiqi əlaqələri uzun illərdir davam edir. O, 2013-cü ildə qardaş ölkədə konsert proqramı ilə çıxış edib. Həmin konsertdən sənətçinin "Mənə gəl” və "Təki sən xoşbəxt olasan” mahnılarının ifaları da yayımlanıb. Üzeyir Mehdizadə 2019-cu ildə isə özbəkistanlı müğənni Sevinç Möminova ilə birlikdə Özbəkistanda konsert proqramı təqdim edib.


 
Asif Məhərrəmov – "Gəl gör” mahnısı ilə Özbəkistanda da səhnəyə çıxan azərbaycanlı müğənnilərdəndir. 2019-cu ildə Özbəkistanda keçirilən konsertdə o, məşhur özbək müğənni Bahrom Nazarovla birlikdə "Gəl gör” mahnısını ifa edib. İfa iki ölkənin musiqi əlaqələrinin maraqlı nümunələrindən biri kimi diqqət çəkib.


Azərbaycanlı meyxanaçılar Tərlan Novxanılı da Özbəkistanda çox sevilən sənətçilərdəndir. Tərlan Novxanı "Məni sevmir o gözəl yar" ifası Özbəkistanda dillər əzbəridir. Müğənni 2018-ci ildə bu ifasını özbək müğənni Ulugbek Rahmatullayev ilə səhnədə də ifa edib. 

 
Talıb Tale və Zeynəb Həsəni - Talıb Tale və Zeynəb Həsəni 2023-cü ilin avqustunda Özbəkistanın Xivə şəhərində konsert proqramı ilə çıxış ediblər. Konsert Özbəkistanın "Xorazm” televiziyası ilə canlı yayımlanıb və mənbədə konsertin anşlaqla keçdiyi qeyd olunur. Konsertdən sonra Zeynəb Həsəni Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov tərəfindən təltif edilib.


Əminə Şirin – Azərbaycanlı müğənni Əminə Şirin də Özbəkistanda çıxış edən sənətçilər sırasındadır. Müğənni 2026-cı ilin fevralında Özbəkistana səfər edib və orada konsert proqramı ilə çıxış edib. Əminənin "Ədalət görmədim" mahnısı Özbəkistanda bir neçə ay trendlərdə olub. 



Mehman Elmanoğlu – "Xalq Ulduzu” müsabiqəsinin qalibi olan müğənni Mehman Elmanoğlu da Özbəkistanda səhnəyə çıxan azərbaycanlı sənətçilərdəndir. Müğənni Daşkənddəki çıxışları trend olub. O özbək müğənni Yadgora Gaipova ilə də duet oxuyub və duet çox sevilib. Mehman Elmanoğlu eyni zamanda Özbəkistana bir neçə dəfə dəvət alıb və orada televiziya verilişlərində qonaq olub. Onun Özbəkistan səhnəsindəki çıxışı Azərbaycan musiqisinin qardaş ölkədə səslənməsinin daha bir nümunəsidir.
 


Azərbaycanlı gənc sənətçi Nəfəs də Özbəkistanda sevilən müğənnilərimizdəndir. O da bir neçə dəfə Özbəkistanın böyük səhnələrində çıxış edib. Nəfəsin özbək müğənni Osman Navruzov ilə duetləri də qardaş ölkədə çox məşhurdur. 



Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR