Katarakt

Özəlləşdirmə çeklərinin tədavül müddəti yenidən artırılır?

İQTİSADİYYAT
16:06 22.07.2021
1650

Ötən əsrin 90-cı illərinin sonlarında mərhum prezident Heydər Əliyevin fərmanı ilə ölkə vətəndaşlarına əvəzsiz özəlləşdirmə çeklərinin verilməsinə başlanıldı. Bu müddətdə vətəndaşlara 31,9 milyon vauçerlər paylanılıb. Çeklərin tədavül müddəti bir neçə dəfə uzadılıb.

Belə ki, müvafiq fərmanlarla 2002-ci il yanvarın 1-nə, 2004-cü il iyulun 1-nə, 2008-ci il yanvarın 1-nə kimi çeklərdən istifadə müddəti artırılmışdı. 23 dekabr 2009-cu il tarixində imzalanan fərmanla sonuncu dəfə çeklərin tədavül müddəti artırılıb. Beləliklə, çeklərin istifadə müddəti 2011-ci il yanvar ayının 1-də başa çatıb. Statistik məlumatlara görə, dövriyyəyə buraxılmış çeklərin 20 faizi hələ də əllərdədir. Yəni, 6,38 milyon özəlləşdirmə çeki istifadə olunmayıb. Bunun da əsas səbəbi vətəndaşların faktiki olaraq bu prosesdən kənarda qalması ilə bağlıdır. Azərbaycan İnvestisiya Holdinqinin yaradılması və qarşıdakı müddətdə bəzi dövlət müəssisələrinin özəlləşdirməyə çıxarılacağı ilə bağlı öhdəlik götürməsi çeklərin tədavül müddətinin yenidən artırılacağı ilə bağlı müzakirələri gündəmə gətirib. Bəs görəsən tədavül müddəti yenidən artırılması hansı qaydada tənzimlənə bilər?

 


Milli Məclisin deputatı Kamilə Əliyeva hesab edir ki, özəlləşdirmə çeklərinin tədavül müddətinin artırılması çekləri əlində qalan vətəndaşlar üçün unikal fürsətdir: "Bilirsiniz ki, o zaman Ulu Öndər Heydər Əliyevin bununla bağlı fərmanı cəmiyyət arasında böyük coşqu ilə qarşılandı. Azərbaycan müstəqilliyinin memarı olan ümummilli lider bu fərmanla ölkəmizin inkişafına, rifahısına, tərəqqisinə yönəlik mövqe ortaya qoydu. Vətəndaşlara hər biri dörd paydan ibarət vauçerlər paylanıldı. Düzdür, prosesin icrası zamanı müəyyən problemlər ortaya çıxdı. Bunun da əsas səbəbi maariflənmə səviyyəsinin aşağı olması ilə bağlı idi. Bir neçə dəfə çeklərin tədavül müddəti artırılsa da, bu gün də vauçerləri əlində qalan vətəndaşlar var. Hesab edirəm ki, tədavül müddətinin yenidən artırılmasına ehtiyac var. Bunun necə və hansı formada həyata keçiriləcəyi ilə bağlı qərarın verilməsi mütərəqqi addım olardı”. Deputatın bildirdiyinə görə, son dövrlər həyata keçirilən islahatlar bu sahədə də qərarların qəbulu ilə nəticələnəcək: "Bilirsiniz ki, Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda kompleks islahatlar həyata keçirilir. Bu islahatlar hakimiyyətin bütün qollarını əhatə edir. İstər qanunverici orqan olsun, istər Mərkəzi İcra Hakimiyyəti. Bu islahatların mahiyyətində ölkə vətəndaşlarının rifahının qorunması, ölkəmizin yeni inkişaf yoluna qədəm qoyması başlıca yer tutur. Cənab Prezident İlham Əliyev özü də bunu dəfələrlə bəyan edib. Hesab edirəm ki, bu islahatlar keyfiyyətcə yeni mərhələnin başlanğıcı olacaq. Bu proses ümumilikdə bütün sahələri və istiqamətləri, o cümlədən özəlləşdirmə çekləri əlində qalan vətəndaşları da əhatə edəcək”. Deputat özünə və ailəsinə məxsus özəlləşdirmə çeklərini saxlayıb-saxlamadaığını isə xatırlamadığını deyir.


Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov bildirib ki, özəlləşdirmə çeklərinin paylanılması şəffaf şəkildə həyata keçirilsə də, ümumilikdə proses vətəndaşların maraqlarına xidmət etmədi: "Əslində özəlləşdirmə çeklərinin paylanılması və o zaman mərhum prezident Heydər Əliyevin bununla bağlı fərmanı özəlləşdirmə zamanı vətəndaşların bu prosesdə ədalətli şəkildə iştirakına yol açırdı. Bu çox ciddi və tarixi fərman idi. Çünki Sovetlər İttifaqı dağılmışdı və liberal bazar iqtisadiyyatına keçid baş verirdi. Vətəndaşlar dövlət əmlakının bölünməsi prosesində iştirak etməli idi. Sonradan ortaya çıxan neqativ hallar çeklərin dövriyyəsini "qara bazar” səviyyəsindən o yana keçməyə qoymadı. Formal olaraq çek hərracları təşkil olundu, lakin qeyd etdiyim kimi, bütün bunlar formal idi. O zaman çeklərini müəyyən müəssisələrə yatıran vətəndaşlar heç bir divident əldə etmədilər. Bu gün də heç bir divident əldə etmirlər. Gəlirləri olsa belə müəssisələr onu gizlədirlər və səhmdarlara heç bir divident vermirlər. Bəzi müəssisələrin fəaliyyəti dayandırıldı, bəziləri satlıldı, söküldü və s. Təəssüf ki, özəlləşdirmə çekləri formal bir prosesə çevrildi”. Onun sözlərinə görə, bəzi vətəndaşlar hələ də çekləri əlində saxlayır: "Uzun müddət keçəndən sonra yenidən tədavül müddətinin artırılacağına inanmıram. İqtisadiyyat Nazirliyinin, Azərbaycan İnvestisiya Holdinqinin bununla bağlı hər hansı açıqlamasına rast gəlməmişəm. Bu baş verərsə, bunun nə dərəcədə effektiv olacağını da deyə bilmərəm. Müxtəlif dövrlərdə tədavül müddətləri artırılıb və vətəndaşların imkanı vardı ki, bu çekləri satsınlar. Lakin qeyd etdiyim kimi, proses formal xarakterli idi və bu baxımdan gözləmə mövqeyinə üstünlük verənlər oldu. Misal üçün, tanıdığım insanların bəziləri çeklərini Hacıqabul gölünə sərmayə qoydu. Bu gün isə o göl yoxdur. Vauçelər vətəndaşlar üçün faydalı olmadı. Gələcəyə ümidlər çox olsa da, bu baş vermədi. Bütün hallarda yüzminlərlə şəxs hələ də bu çekləri əllərində saxlayır. Məsələyə məntiqli yekun vurulmalı və bununla bağlı qərar verilməlidir. Bunun necə və hansı formada həyata keçiriləcəyi müvafiq qurumların səlahiyyətinə aid olan məsələdir. Bütün hallarda vətəndaşların hüquqları qorunmalıdır”. Ekspert özünə və ailə üzvlərinə məxsus çekləri itirdiyini bildirir.

// Azər Niftiyev,

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR