“İsrail İrana qarşı növbəti dəfə hücuma keçə bilər”

“İsrail İrana qarşı növbəti dəfə hücuma keçə bilər”
SİYASƏT
14:58 14.08.2025
283
"İsrailin İrana qarşı hücumu artıq mərhələli şəkildə həyata keçirilir".
 
AZXEBER.COM xəbər verir ki, siyasi şərhçi Zeynal Əmrəliyev bu barədə ARB24-də yayımlanan "Gündəm” verilişində bildirib.
 
Onun sözlərinə görə, 12 günlük müharibə də həmin mərhələlərin tərkib hissəsi idi, lakin İsrail həmin vaxt qarşısına qoyduğu məqsədlərə çata bilmədi.
 
"İranın uranı zənginləşdirmə prosesi dayandırılmadı, həmçinin Netanyahu hökumətinin elan etdiyi rejim dəyişikliyi planı da reallaşmadı. Bu səbəbdən İsrail növbəti mərhələdə yenidən İrana hücum edəcək. Lakin əsas sual bu hücumun nə zaman baş verəcəyidir. 12 günlük müharibə zamanı İranın yaxın məsafədəki qüvvələri dərhal İsrail ərazilərini bombardman etdi. Yəməndəki "Ənsarullah” və Livandakı "Hizbullah” qruplaşmaları da İsrailə ardıcıl zərbələr endirdi. Xüsusilə də Livandan atılan raketlər ciddi dağıntılara səbəb oldu”, – deyə Əmrəliyev vurğulayıb.


O qeyd edib ki, İsrailin qarşısında hazırda iki əsas məqsəd var:

1. İrana hücumdan əvvəl "Hizbullah”ı zərərsizləşdirmək, beləliklə yaxın ərazilərdən gələn təhlükəni aradan qaldırmaq.

2. Donald Tramp hakimiyyətdə olduğu müddətdə Qəzza bölgəsini tam işğal edib ilhaq etmək və bölgədə HƏMAS-ın varlığına son qoymaq.

"Artıq Qəzza bölgəsinin ilhaqı ilə bağlı İsrail hökumətinin qərarı var. Buradakı əhali köçürülərək ərazi İsrailə birləşdiriləcək. Bu addım müstəqil Fələstin dövlətinin yaradılmasının qarşısını almağa yönəlib. Netanyahu hökuməti buna imkan vermək istəmir. Əgər İsrail bu iki məqsədinə nail olsa, İrana hücum reallaşa bilər. Böyük ehtimalla ABŞ-ı da bu prosesə cəlb edəcək. İsrailin vaxtı çox deyil – 2028-ci ilə, Donald Tramp hakimiyyəti tərk edənə qədər hücum planını həyata keçirməlidir”.
 
Oksana Orucova
OXŞAR XƏBƏRLƏR