Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin müəllimi, media eksperti Zeynal Məmmədli AZXEBER.COM xəbər portalına eksklüziv müsahibə verib.
- Zeynal müəllim, heç şübhəsiz ki, son günlərin ən aktual məsələsi professor Rafiq Əliyevin Dövlət Neft Akademiyasının kafedra müdiri vəzifəsindən çıxarılmasıdır. Bu haqda sizin də fikirlərinizi bilmək maraqlı olardı...
- Burada söhbət konkret Rafiq Əliyevdən getmir. Ümumiyyətlə, bugünki durumda istənilən insanın işdən çıxarılması həmin adam üçün problemdir. Bu şəkildə Rafiq Əliyev kimi nüfuzlu adamın yox, adi vətəndaşın belə işdən çıxarılmasına qarşıyam. Rafiq Əliyev bütün dünyada tanınmış adamdır. Onun xaricdən müdafiə olunmaq imkanları böyükdür. Rafiq Əliyevin 69 yaşı var, onu pensiyaya da göndərmək olardı. Amma onu ona görə işdən çıxarırlar ki, Rafiq müəllim Ziyalılar Forumunda iştirak edib. Ziyalılar Forumunda söhbət nədən gedirdi? Mən mediamızı izləyirəm, orada söhbətin nədən getdiyi haqda heç nə yazmırlar. Çünki orada söhbət milli barışdan, milli birlikdən gedirdi. Burada hər hansı bir siyasi fikir yoxdur, hər hansı partiyaya qarşı mənfi fikir yoxdur. Burada Azərbaycan dövləti və dövlətçiliyinə qarşı da hər hansı bir fikir yoxdur. Əgər bunlar yoxdursa, Ziyalılar Forumuna qarşı belə kampaniyaya başlamağın nə mənası var? Əgər Rafiq Əliyev Ziyalılar Forumunda iştirakına görə yox, göstərildiyi kimi iş rejimini pozduğuna görə işdən çıxarılıbsa, onda nəyə görə ümümilikdə Ziyalılar Forumuna qarşı kampaniya başlanıb? Bir digər yandan əgər Rafiq Əliyev iş rejimini həmişə pozubsa, nəyə görə onu forumdan sonra kafedra müdirliyindən çıxarırlar? Tarix iki dəfə təkrarlananda faciə faciə kimi olmur, komediya kimi olur. Və biz hazırkı prosesləri komediya kimi yaşayırıq. Bu cür addımlar çox gülüncdür, bu komediyadır. - Zeynal müəllim, sizə Ziyalılar Forumunda iştirak üçün dəvət gəlmişdimi?- Yox, mənə dəvət gəlməmişdi. - Əgər dəvət gəlsəydi iştirak edərdinizmi?- Bunu indi deyə bilmərəm. Mən ilk olaraq baxardım ki, bu tədbiri kimlər keçirir, onların məramı, məqsədi nədir, forumda kimlər iştirak edəcək? Əgər indiki fikirlər söylənilsəydi təbii ki, iştirak edərdim. - Bildiyiniz kimi, bu günlərdə BDU-nun 245 müəllimi müraciət imzalayıb və Biz «Ziyalılar forumu»nun mövqeyini düzgün və ədalətli hesab etmirik. Onun xalqımızın, dövlətimizin əleyhinə olan qüvvələrin əlində vasitəyə çevrilməsini istəmirik» bəyənatını veriblər. Bu haqda nə deyə bilərsiniz?- Azərbaycan konstitutsiyasında göstərilir ki, cəmiyyətdə müxtəlif fikirlərin olması təbiidir. Azərbaycan konstitusiya plüarizmə qarşı çıxmağı qadağan edir və bu baxımdan deyə bilərəm ki, Ziyalılar Forumuna qarşı çıxanlar Azərbaycan konstitutsiyasına zidd hərəkət edirlər. Əgər Ziyalılar Forumu iştirakçıları da öz baxışların yeganə düzgün yol hesab edirlərsə bu da insanların hüquqlarının pozulmasıdır. Bu gün ziyalı, alim müraciətləri gülünc təsir bağışlayır, bu boşboğazlıqdır. Mən anlamıram bu kimə yarınmaq siyasətidir. Yəni, bu adamlar demək istəyir ki, Ziyalı Forumuna qatılan insanlar Azərbaycanı sevmirlər? Rüstəm İbrahimbəyov Azərbaycanı sevmir? Bunu demək ayıbdır axı. Azərbaycanın adını dünyaya tanıdan bir insan, Azərbaycana ilk Oskar gətirən bir adam necə Azərbaycanı sevməyə bilər? Yaxud Rafiq Əliyev və ya Cəlal Allahverdiyev? Bizim bu gün uçurumda olmamağımızın səbəbi belə insanların mövcudluğundadır. - - Akademik Cəlal Allahverdiyev bildirib ki, müraciəti xüsusi qeydlə imzalayıb. Professor Qulu Məhərrəmli isə deyib ki, başqa bir müraciətə qol çəkib və orda ziyalılar haqda belə ittihamlar olmayıb...- Gəlin baxaq görək ki, bu adamlar ictimai rəyə önəm verən insanlardımı? Özünüz düşünün Bu insanlara kim təzyiq edib ki, onlar bundan imtina etsinlər. Belə təzyiqlər çox vaxt siyasi təzyiqlər olur. Bu insanların kifayət qədər yaşı var. Mən onların yalan dediyinə inanmıram.Əgər onlara başqa müraciət göstərib, ona imza atdırıblarsa bu ən yumşaq dillə desək qeyri-etik hərəkətdir. Onlar deyir ki, biz imza atdığımı müraciətdə yazıılıb ki, bir-birimizə həssas yanaşmalıyıq, Azərbaycan müharibə dövründə yaşadığından milli barış ruhu olmalıdır. Buna kim imza atmaz ki? Mən də olsam buna imza atardım. Orada Ziyalılar Forumu haqda heç bir şey yazılmayıb. Amma çap olunmuş mətnlə onlara göstərilmiş mətn arasında çox böyük fərq var. - Son günlər mətbuatda Azərbaycan ziyalıların iki cəbhəyə bölünməsini müşahidə edirik. Bu haqda nə deyə bilərsiniz?- Əzizim, birinci gəlin görək ziyalı kimə deyilir. Əgər diplomu varsa, elmi dərəcəsi varsa, intellektual əməylə məşğuldursa biz ona ziyalı deyəcəyik? Yoxsa xalqın yükünü daşıyan insana ziyalı deyəcəyik? Burada sovet dövründən qalma ştamplar gedir. Bu hesabla götürsək Aşıq Ələsgər ziyalı sayılmayacaq və ya çox zəngin folklor bilicisi olan çoban ziyalı sayılmayacaq. Nədir axı bu ziyalı? Ziyalı kreativ insanlardır, yaradıcı insanlardır, intellektual əməklə məşğul olan insanlardır. Bunlar intellektual əməyi yaratmaqla məşğuldurlar. İndi siz götürün o adamları ki, özlərini ziyalı adlandırır baxın ki, o insan nə yaradıb, nə yaratmayıb. Qərbdə ziyalı sözü yoxdur. Cəmiyyət həmişə iki yerə bölünür: İrəliləmək istəyənlərə və yerində sayanlara. Bu gün ziyalılar bölünməyib. Bu gün cəmiyyət şəxsi mənafeyimizi güdənlərə və dövlətimizin inkişafını istəyənlərə bölünüb. Bir şeyi də qeyd edim ki, bu bölünmə indi yaranmayıb, bu tarixən olub. Sadəcə bu gün elə bir fikir formalaşıb ki, “kim bizim dediyimizi eyniylə demirsə o bizim düşmənimizdir”.
Hacıbəy HEYDƏRLİ