Özünə salam verməyən tanışını öldürən şəxsə 17 il cəza kəsildi

KRİMİNAL
16:50 26.07.2019
3624
Sumqayıtda qətl törətməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1990-cı il təvəllüdlü Babək Həsənovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Əvvəlcə dövlət ittihamçısı çıxış edib. Prokuror B.Həsənovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Babək Həsənov son sözündə əməlindən peşman olduğunu deyib. Bildirib ki, mərhum söyüş söydüyü üçün onu vurub: "Öldürmək istəmirdim. Özüm də gedib, polisə təslim oldum. Bilsəydim ki, ölüb, heç polisə də getməzdim".

Məhkəmənin hökmü ilə B.Həsənov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmədə gərginlik yaşanıb. Mərhumun yaxınları Babəkə ömürlük cəza istəyib. Onlar şikayət edəcəklərini, cəzanın artırılmasını tələb edəcəklərini söyləyib.

Mərhumun anası deyib ki, oğlu söyüş söyən olmayıb. O, gəlininin hamilə olduğunu, Babəkə verilən cəzanın az olduğunu deyib.

Qeyd edək ki, Babək Həsənov Aydın Seyidovu qətlə yetirib. Mərhumun hələ dünyaya gəlməmiş bir övladı var.

Səbəb isə Aydının Babəkə salam verməməsi olub. Aydın ona salam verən Babəkə əvvəlcə əlini uzadıb, amma sonradan fikrini dəyişib və salam verməyib. Babək isə digər şəxslərin yanında bunu özünə təhqir kimi qəbul edib. Babək ucu kəsici-deşici olan alətlə Aydını vuraraq öldürüb.

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibbi ekspertizası təyin edilib. Babək Həsənov şübhəli şəxs qismində tutulub və törətdiyi əməli etiraf edib. O, dəmirçi işlədiyi üçün həmin alətdən peşəsi ilə əlaqədar istifadə etdiyini bildirib. B.Həsənova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
 
///Musavat.com

OXŞAR XƏBƏRLƏR