Özünü yandıran şəxs intihardan öncə Ramiz Göyüşovdan kömək istəyibmiş – TƏFƏRRÜAT

Özünü yandıran şəxs intihardan öncə Ramiz Göyüşovdan kömək istəyibmiş – TƏFƏRRÜAT
Bütün Xəbərlər
17:26 23.11.2015
8119

Bu günkü intihar hadisəsi ilə bağlı daha bir maraqlı məqam ortaya çıxıb.

Bu gün “Muğanbank”a borclu olan Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Səməd Vurğun küçəsində yaşayan 1981-ci il təvəllüdlü Malik Abbas oğlu Hüseynov pulu ödəyə bilmədiyi üçün bankın Binəqədi filialının qarşısına gələrək, üstünə benzin töküb yandırması xəbəri günün əsas xəbərinə çevrilib.

AZXEBER.COM-un məlumatına görə, özünü yandıran şəxs banka gəlməzdən əvvəl Binəqədi Rayon İcra Hakimiyyətində olub. O, İcra Hakimiyyəti Ərazi İdarəetmə Orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşovla görüşüb. Banka borclu olan şəxs R.Göyüşovdan “Muğanbank”da işləyən oğlu və Mərkəz filialının sədri Rəşad Göyüşovdan və qardaşı oğlu “Muğanbank” ASC-nin Müşahidə Şurasının üzvü Urfan Göyüşovdan ona güzəşt etməsi üçün xahiş etməsini istəyib. Lakin R.Göyüşov oğlunun, eyni zamanda qardaşı oğlunun işlərinə qarışmadığını bildirib və banka müraciət etməsini məsləhət görüb.

AZXEBER.COM olaraq iddia ilə bağlı Ramiz Göyüşovla əlaqə saxlamağa çalışsaq da, şöbə müdiri telefonlarımızı cavabsız qoydu. 

Görüşdən çıxan şəxs yenidən banka gəlib və bankdan çıxdıqdan sonra üzərinə benzin tökərək yandırıb.

Hadisənin təfərrüatları ilə bağlı danışan, M. Hüseynovun qardaşı Rəhim Hüseynov isə bildirib ki, qardaşı bankdan 12 min 800 manat kredit götürərək dəfn mərasimi üçün istifadə olunan avtomobil alıb. Lakin kreditin 8 min manatını ödəyib, qalan hissəsini ödəyə bilməyib. Buna səbəb avtomobilin mühərrikində yaranan problem olub. Həmin problemi həll etmək üçün xərcə düşüb və banka borcu yaranıb.

Hazırda Malik Hüseynovun vəziyyəti ağırdır və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) yanıq şöbəsində reanimasiyaya yerləşdirilib.

Xəstəxanın həkimi şahin Quliyev bildirib ki, xəstə ikinci dərəcəli yanıq xəsarəti alıb.

Qeyd edək ki, M. Hüseynovun 3 uşağı - iki oğlu və bir qızı var. Keçmiş Kirov qəsəbəsində kirayədə qalır və Göy məsciddə işləyir.

OXŞAR XƏBƏRLƏR