Xəbər verdiyimiz kimi, “Azərbaycan qadını” layihəsi çərçivəsində “Biz şərqdənik” adlı qısametrajlı filmin təqdimat mərasimi keçiriləcək.
Bu haqda AZXEBER.COM-a filmin rejissoru Ramil Ağasıyev məlumat verib.O bildirib ki, prototipləri cəmiyyətdə kifayət qədər tanınmış 3 fərqli qadının yaşam tərzindən bəhs edən film özündə mistik çalarlar da daşıyır. Belə ki, qəhrəmanların həyatı bəzi məqamlarda 11 yaşlı qızcığazla əsrarəngiz şəkildə kəsişir.
Film xüsusi olaraq, xarici kinofestivallarda Azərbaycanı təmsil etmək üçün hazırlanıb: "Sirr deyil ki, dünyada çox zaman Azərbaycan qadını deyəndə islam dünyasının hüquqsuz elementi kimi az qala başı çadralı, bütün günü evdə oturan, yalnız ərinin əmrlərini yerinə yetirən obraz başa düşülür. Filmin yaradıcı heyəti bu mənfi stereotipi sındırmaq, “Biz şərqdənik, amma fərqli deyilik!” – deyə sosial mesaj ünvanlamağı qarşısına məqsəd qoyub"
Film görkəmli alim Aida İmanquliyevanın əziz xatirəsinə həsr olunub.
Ağasıyevin dediyinə görə, filmin ideya müəllifi Mahirə Əsədova, baş rolda Yuğ teatrının aktrisası Yaqut Paşazadə, balaca qızcığaz obrazında Ayla Qasımzadə, ssenari müəllifi İlhamə Novruzova, operator isə Vüqar Məmmədovdur.
Rejissor Ramil Ağasiyev filmdən eksklüziv görüntüləri AZXEBER.COM-a təqdim edib.