"12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü müstəqil dövlətçilik tariximizin ən mühüm siyasi və hüquqi hadisələrindən birini təcəssüm etdirir. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizin suverenliyinin hüquqi əsaslarını müəyyənləşdirmiş, dövlət hakimiyyətinin təşkili, insan və vətəndaş hüquqlarının qorunması, demokratik idarəetmə və hüquqi dövlət quruculuğu prinsiplərini təsbit edib”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. O qeyd edib ki, konstitusiyanın hazırlanması və qəbul edilməsi prosesi Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm nəticəsi idi:

"Müstəqilliyin ilk illərində mövcud olan siyasi qeyri-sabitlik, institusional çətinliklər və hüquqi boşluqlar fonunda Konstitusiyanın qəbul edilməsi dövlət idarəçiliyində sabitliyin təmin olunması və vahid hüquq sisteminin formalaşdırılması baxımından tarixi əhəmiyyət daşıyırdı. Bu sənəd Azərbaycanın gələcək siyasi, iqtisadi və sosial inkişafının hüquqi çərçivəsini müəyyənləşdirdi. Prezident İlham Əliyevin rəhbərliyi dövründə Konstitusiyada təsbit olunmuş dövlətçilik prinsiplərinin inkişaf etdirilməsi, idarəetmə institutlarının təkmilləşdirilməsi və ölkənin hüquqi bazasının müasir çağırışlara uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Xüsusilə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası konstitusion prinsiplərin ölkənin bütün ərazisində təmin edilməsi baxımından yeni mərhələ yaratmışdır. Konstitusiya yalnız hüquqi normalar toplusu deyil, həm də dövlətlə cəmiyyət arasındakı münasibətləri tənzimləyən, milli maraqları və ümumi inkişaf istiqamətlərini müəyyənləşdirən fundamental ictimai-siyasi müqavilədir”.
Müsahibimiz vurğulayıb ki, konstitusiyanın müddəalarına hörmət, qanunun aliliyinin təmin edilməsi və vətəndaşların hüquqi məsuliyyətinin gücləndirilməsi demokratik cəmiyyətin əsas şərtlərindəndir:
"12 Noyabr – Konstitusiya Günü Azərbaycan dövlətçiliyinin hüquqi dayaqlarını, milli suverenliyin əhəmiyyətini və hüquqi dövlət quruculuğu istiqamətində əldə edilmiş nailiyyətləri bir daha dəyərləndirmək üçün mühüm fürsətdir. Konstitusiyamız müstəqil Azərbaycanın gələcək inkişafının, milli birliyinin və davamlı tərəqqisinin əsas hüquqi təminatlarından biri olaraq qalır”.
Aynur Babazadə