"Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyevin "facebook"da yazdığı status müzakirəyə səbəb olub.
AZXEBER.COM xəbər verir ki, gənclər təşkilatının sədri açıqlama verərək, gənclər sektorunda ədalətsiz mühitin formalaşdığını iddia edib.
Onun sözlərinə görə son günlər bəzi təşkilatlar xaric digər gənclər təşkilatının fəaliyyət göstəmrəsinə dəstək verilmir və "küsdürmə" siyasəti həyata keçirilir: "Dövləti saxlayan və gücləndirən onun ədalətidir. Daha dəqiq desək dövlət adına fəaliyyət göstərən şəxslərin, yəni məmurların ədalətli davranışlarıdır. Azərbaycanın dövlət qurumlarının, məmurlarının fəaliyyəti Prezident İlham Əliyevin sərəncam və əmrlərini yerinə yetirilməkdən, verdiyi tapşırıqların icrasından ibarət olmalıdır. Azərbaycan dövlətinin bugünkü durumu və get-gedə güclənməsi dövlət aparatının, təyin edilmiş məmurların doğru istiqamətdə fəaliyyət göstərdiyini deməyə əsas verir.
Lakin kiçik istisnalar var… Bəzi məmurlar fəaliyyətlərində şəxsi və qrup maraqlarını üstün tutaraq dövlət və ictimai maraqları arxa plana atırlar. Həmin məmurlar ümumi gediaşata mane ola bilməsələr də könül bulandırmaqla məşğul olmaqdan çəkinmirlər. Xüsusən də dövlət gənclər siyasətinə, gənclər təşkilatlarının fəaliyyətinin koordinasiyasına məsul olanların son dərəcədə diqqətli və həssas olmaları lazımdır. Çünki bu sahə cənab Prezidentin xüsusi diqqətində olan bir məqamdır. Bu həssaslıq önəmli günlərdə gənclərin mükafatlandırılması, layihələrə qrant ayrılması, dövlət əhəmiyyətli tədbirlərə dəvət olunması və s. məqamlarda daha da artırılmalıdır. Dövlət və dövlətçilik qarşısında xidmətləri olan, prezidentə sədaqətli gənclər təşkilatlarının rəhbərlərini, fəal gəncləri diqqətdə saxlamaq, onların fəaliyyəti haqqında dövlət başçısını daim məlumatlandırmaq lazımdır. Nəinki yanlış addımlar atmaqla narazılıq yaratmaq, insanları rəncidə etmək…
Yazıya təsadüfən "məmurların davranışı, ədalətli çalışmaları dövlətimizi gücləndirir” qeydləri ilə başlamadıq. Bəzi hallarda dostluq, tanışlıq prinsiplərinin dövlətə xidmət meyarını üstələməsi üzücü olur. Biz bu yola təmənnasız çıxanlardanıq. Tanıyanlar da bilir ki, mal-mülk, var-dövlət hərisi deyilik. Amma adi bir diqqət, gördüyümüz işlərə veriləcək qiymət (xoş söz), əl boyda kağız parçası indiyə qədər görülən işlərə DÖVLƏTİN vermiş olduğu qiymət sayılacaq və bizləri, bizlərin ardıcıllarını, fəaliyyətimizdən örnək götürən gəncləri daha da həvəsləndirmiş olacaq. Bizə isə indiki məqamda dövlət qurumlarının ictimai təşkilatlarla əlbir çalışıb, gəncləri daha da həvəsləndirib böyük ORDU yaradıb Prezidentin ətrafında sıx birləşməsi lazımdır. Hər zaman olduğu kimi, bu gün də biz buna hazırıq və kimlərinsə bizi Prezidentdən narazı salmaq cəhdlərinə uymayaraq yolumuza davam edib onun göstərişlərini icra edəcəyik. O cümlədən də məmurların fəaliyyətinə ictimai nəzarətlə bağlı fikrinin də icrasında ardıcıl və qətiyyətli olacağıq…