Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücüləri üçün sentyabrın 17-də imtahan keçirəcək. İmtahanda iştirak etmək üçün DİM-ə müvafiq qurumlar tərəfindən sürücü olmaq istəyənlərin məlumatları təqdim olunub. Həmin şəxslər avqustun 12-si 18:00-dan sentyabrın 7-si saat 18:00-dək qeydiyyatdan keçməlidirlər.
İmtahan vermək üçün sürücülər ilk növbədə DİM-in internet saytında (https://ekabinet.dim.gov.az/) "Şəxsi kabinet” yaratmalı və göstərilən vaxtadək müvafiq xidmət vasitəsilə qeydiyyatdan keçməlidirlər. "Şəxsi kabinet”in yaradılması və hesaba lazımi vəsaitin əlavə olunması qaydaları ilə bağlı təlimatlar DİM-in saytında yerləşdirilib.
Test imtahanı DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50), DİM-in Bərdə Regional Bölməsində (Bərdə şəhəri, H.Əliyev prospekti, 100), Gəncə şəhər Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə və Naxçıvan şəhəri 4 nömrəli orta məktəbdə keçiriləcək. Namizədlər imtahana buraxılış vərəqəsini qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3 gün qalmış DİM-in saytından çap edə biləcəklər.










































